“Mattersburq” hələ də Ramil Şeydayevdən ümidini üzməyib. Avstriya klubu transferlə bağlı növbəti təklifini göndərməyə hazırlaşır. Klub bundesliqada yeni mövsümə yenilənmiş hücum xətti ilə başlamaq niyyətindədi. Komandanın bombardiri Smail Prevlyakı “Zaltsburq”a, Markus Pinki “Şturm”a satan “Mattersburq” Ştefan Mayerhoferlə də yollarını ayırıb.
“Tvente”dən Marko Kvasinanı, “Stadl-Paura”dan isə Yefte Betankuru alan rəhbərlik Şeydayevi də heyətə cəlb etmək istəyir. Hazırda yığmamızın hücumçusu “Trabzonspor”un düşərgəsində məşq edir. Onunla bağlı qərarı baş məşqçi Ünal Karaman verəcək. Ancaq “Mattersburq”un idman direktoru Frants Lederer Türkiyə klubu ilə danışıqlarda problem yaşayacaqlarına inanmadığını bildirib.