Futbolla yatıb-duranlar üçün futbol bayramı iyunun 14-də başlasa da, mənim üçün qətiyyən belə deyil. Rusiyada keçirilən mundiala xüsusi maraq göstərmirəm. Bəzən hansısa oyunlara baxıram, hə, bir də hansı görüşün hansı hesabla başa çatdığını oxuyuram. Orda mənim yığmam yoxdusa, xəstəliyə tutulmağı özümə rəva bilmirəm. Nə böyük həvəslə görmək istədiyim Türkiyəylə Ukrayna var, nə də ağlım kəsəndən azarkeşi olduğum Hollandiya. Az-çox pərəstiş etdiyim Rusiya da artıq kənardadı. Bəzən düşünürəm ki, Hollandiyanın kənarda qalması başqalarına - Belçikaya, Xorvatiyaya, nə bilim, Fransayla İngiltərəyə qarşı qıcıq yaradıb.
Sizi bilmirəm, mənim üçün futbol bayramına sabah start veriləcək. Ölkəmin təmsilçiləri “Qarabağ”ın timsalında avrokubok mövsümünə start verir. Bax, bundan böyük həyəcan və bayram ola bilməz. Ayyarımlıq futbolsuzluq həsrətinə, nəhayət, son qoyulur. Oyundan əvvəl açıqlamaları yazacaq, matçdan bir gün öncə mətbuat konfransları və məşqlər üçün stadionların yollarında təpik döyəcək, qarşılaşmalardan sonra gecə saatlarına qədər bilgisayar arxasında gözlərimin nurunu tökəcəm. Artıq ənənə halını alıb, ya nədəndisə, avrokubok matçları zamanı çəkdiyim bu əziyyətdən sözün əsl mənasında ləzzət alıram. Təki Ramiz Qafarovun “Qarabağ”ın heyətində dəyişiklik edilir” səsi gəlsin, 30 min azarkeşin yarısından çoxu tribunalarda telefon işığı ekkefti yaratsın, hamı bir nəfər kimi ayağa qalxıb, “qol” deyə qışqırsın, rəqib futbolçular məğlub olduqlarına görə açıqlama verməsinlər, günün istisində stadionlara gedib akkreditasiyalarımızı götürək. Hər cür çətinliyə hazıram, razıyam. Bircə avrokubok oyunları başlasın.
Riçard Almeyda, İbrahim Şehiç və Pedro Enrikenin gedişindən sonra “Qarabağ”a olan inam aşkar dərəcədə azalıb. Futbolsevərlər ötən mövsüm Çempionlar Liqasının qrupunda oynayan komandanın bu il hətta Avroliqanın qrupuna düşə bilməyəcəyini düşünür. Ortada Qurban Qurbanovun enerjisinin bir hissəsini yığmaya sərf etməsi faktı da var deyə, çaşıb qalırsan. Üzülməyək, həvəsdən düşməyək. Guya “Qarabağ” nə vaxt transfer “bomba”sı partladıb ki? Həmin Şehiç, Riçard, Leroy, yaxud Miçel Azərbaycana gələnə qədər onları ancaq vaxtilə top qovduqları ölkələrdə tanıyırdılar. Sadəcə, düşdükləri ailə mühitində və dəmir nizam-intizam olan komandada özlərini sübut edə bildilər. Özlərini reklam edib, başqa ölkələrə üz tutdular. Ümid edək ki, Zubir, Slavçev, Vaqner də eyni yolun yolcusu olacaq. “Qarabağ”ı qruplara daşısınlar, sonra hara istəyirlər, getsinlər.
Çempionluğu, ardınca ölkə kubokunu qazanmaq şansını əldən verən “Qəbələ”də maliyyənin azalacağı gün kimi aydın idi. Nə baş məşqçini saxlaya bildilər, nə də iki aparıcı futbolçunu – Baqali Daboyla Fipil Ozobiçi. Əvəzində bir neçə əcnəbi ilə gücləniblər ki, hər birinin keçmişində gözəgəlimli izlər var. Bircə qalır komandaya daha tez uyğunlaşıb, baş məşqçinin onlardan nə istədiyini bilmək. Və ən əsası, “Proqres”in təmsil etdiyi ölkənin adına baxmamaq. Bunları etsələr, mərhələ adlamaqda zərrə qədər də problem olmayacaq.
Yenilənmiş “Neftçi” təlim-məşq toplanışında gələcək adına ümid verdi. Yoldaşlıq görüşlərində qələbələrin sıralanması, yeni transferlərin qol hesabını açması və Bakıda təyyarədən düşəndə kollektivdə hamının üzünün gülməsi “Uypeşt”in işinin asan olmayacağına dair bir mesajdı. Komandanı Avroliqaya daşıyan Tərlan Əhmədovun Roberto Bordinə halallıq verib-vermədiyini bilmirəm. Bildiyim odu ki, elə həmin Bordin və onu dəstəkləyən rəhbərlik özlərini biabır etməmək üçün kifayət qədər istəklidilər. Allah göstərməsin, ilk mərhələdəki uğursuzluq ölkənin ən köklü klubunu göydən yerə vuracaq.
“Keşlə”dən heç kimin xəbəri yoxdu. Hazırlıq üçün dağlar qoynuna çəkilib, işlərini gördülər. Ciddi transferlər gözə dəymədi. Hücum xəttindəki problem hələ də həll olunmayıb. Təəssüflənməyə, narahatlığa əsas yoxdu. Çünki komandanın başında Yuri Maksimov kimi işini bilən mütəxəssis var. Belə baxanda, hazırkı durum çempionatın gedişində də müşahidə olunurdu. “Keşlə”nin nə etmək istədiyini başa düşmək olmurdu. Sona yaxın toparlanıb, istəklərinə çatdılar. Ümid edək ki, Maksimovun futbol savadı və təcrübəsi “Baltsan” səddini keçməyə imkan verəcək.
Klublarımızın transfer çalışmalarındakı fəaliyyəti diqqətçəkən olmasa da, yaxşı mənada ümid edə biləcəyimiz nələrsə var. Rəqiblər münasibdi, bircə qalır qələbəni istəmək. Bunun üçün isə siz azarkeşlərin, biz jurnalistlərin dəstəyinə ehtiyac var. Qərarı ilk oyunlardakı nəticələrə baxıb verməməliyik. Cavab görüşlərini də gözləməli, sona qədər təmsilçilərimizin yanında olmalıyıq. Əsas odu ki, bayram başlayır!