Komandanın Maltaya erkən getməsini Maksimov istəyib
Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Keşlə” Türkiyədəki təlim-məşq toplanışını başa vurub. Hazırlığın son günündə paytaxt təmsilçisi iki məşq keçib. Dünən isə Yuri Maksimovun yetirmələri İstanbula gedərək, ordan Maltaya yola düşüb. Klubun mətbuat katibi Səbuhi Məmmədov bizimlə söhbətdə həm ada dövlətə erkən yollanmağın səbəbini açıqladı, həm də düşərgədə yaşananlar barədə məlumat verdi: “Maltaya iki gün öncədən yollanmağı lazım bildik. Baş məşqçimiz komandanın yerli iqlimə uyğunlaşması üçün bu addımı atmağı məqsədəuyğun saydı. Düşərgəyə gəlincə, zədəli futbolçunun olmaması sevindirici haldı. Türkiyədə olduğumuz müddətdə baxışda olan Edu barədə son qərar da açıqlandı. “Traktorsazi” ilə matçdan sonra Yuri Maksimov braziliyalının ona lazım olmadığını söylədi və forvard “Keşlə”dən ayrıldı. Hazırda baxışda heç kim yoxdu. Ancaq bu o demək deyil ki, transfer çalışmalarına son verilib. Böyük ehtimalla, “Baltsan”la oyundan sonra komandaya yeni futbolçu və ya futbolçular qoşulacaq. Onlar da baxışdan keçəcəklər”.
Bu arada onu da bildirək ki, paytaxt təmsilçisinin Malta klubu ilə keçirəcəyi ilk oyunun məkanı və zamanı dəyişdirilib. Ötən sayımızda “Keşlə”nin Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Baltsan” a qarşı keçirəcəyi ilk oyunun stadionu və başlama saatının dəyişdirildiyini xəbər vermişdik. Bir daha xatırladaq ki, görüş əvvəlcədən planlaşdırıldığı kimi Maltanın ən böyük arenası olan Ta Qalidəki Milli Arenada yox, “Çentanari”də baş tutacaq. Görüş isə Bakı vaxtı ilə 20.00-da start götürəcək. Halbuki öncədən qarşılaşmanın 21.00-da başlayacağı bildirilmişdi.
Paytaxt təmsilçisinin mətbuat katibi vaxt və məkan dəyişikliyinin nədən qaynaqlandığından xəbərsiz olduqlarını dedi: “Meydan sahibləri bununla bağlı UEFA-ya müraciət edib razılıq alıblar. Stadionun və oyunun başlama vaxtının nəyə görə dəyişdiyindən xəbərsizik. Sadəcə, rəqib komandanın rəhbərliyi bizə faks göndərərək, dəyişiklik barədə məlumat verdi. Komanda Maltada bir məşqə çıxacaq. Çərşənbə günü Bakı vaxtı ilə saat 20.00-da komanda oyunöncəsi son hazırlığını keçəcək. Matçdan bir gün əvvəl həm də oyunöncəsi mətbuat konfransı keçiriləcək. Konfransın vaxtı isə hələ dəqiqləşməyib. İlkin olaraq bizə saat 13.00 və 15.00 deyilib. Maltaya çatdıqdan sonra bütün suallara aydınlıq gələcək”.
RƏŞAD