Lüksemburq təmsilçisi Vəndamda məskunlaşmaq məcburiyyətində qaldı
Avropa Liqasının birinci mərhələsi çərçivəsində baş tutacaq "Qəbələ" - "Proqres" matçının biletləri dünəndən satışa çıxarılıb. Bu haqda “qırmızı-qaralar”ın rəsmi saytında məlumat yerləşdirilib. Oyunu tribunadan canlı izləmək istəyənlər Qəbələ şəhər stadionunun kassalarına müraciət edə bilərlər. Qiymətlər sektorlardan asılı olaraq, 2 və 5, VİP üçün isə 30 manat təşkil edir.
Klubun mətbuat katibi Anar Hacıyev qəzetimizə açıqlamasında matçöncəsi mətbuat konfranslarının da vaxtını açıqladı: “Qonaq komandanın baş məşqçisinin iştirakı ilə keçiriləcək mətbuat konfransı saat 19.00-da başlayacaq. Bir saat sonra isə “Proqres”in futbolçuları məşq üçün meydana çıxacaq. Sənan Qurbanov 18.30-da media nümayəndələrinin qarşısına çıxacaq. 19.00-da isə “Qəbələ”nin birsaatlıq məşqi başlayacaq”.
Bu arada oyunla bağlı maraqlı bir xəbəri sizə çatdırmaq istəyirik. Yay olduğundan istirahət üçün Qəbələyə üz tutanların sayı yetərincə artıb. Bu yöndə xüsusilə ərəb turistlər fərqlənir. Kütləvi turist axınına görə Qəbələdəki otellərdə boş yerlər tapmaq müşkül məsələyə çevrilib. Hətta Qəbələyə gələn “Proqres” də eyni problemlə üzləşib. Rayon mərkəzindəki otellərdə yer tapmayan Lüksemburq təmsilçisi məcburiyyətdən Vəndam ərazisindəki otellərdən birində məskunlaşmalı olub. Şimallıların mətbuat katibi də bizimlə söhbətdə məlumatı təsdiqlədi və onu da əlavə etdi ki, otellə bağlı çətinlik yarandığından klub rəhbərliyi matçı işıqlandırmaq üçün qeydiyyatdan keçmiş jurnalistləri Qəbələyə oyun günü aparmağı planlaşdırır.
RƏŞAD