“Kimyaçılar”ın Türkiyədəki iki rəqibi müəyyənləşib
Yeni mövsümə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydanında hazırlaşan “Sumqayıt”ın iyulun 16-da Türkiyəyə yollanacağını ötən saylarımızın birində xəbər vermişdik. Onu da bildirmişdik ki, “kimyaçılar” qardaş ölkədə olduğu müddətdə 4 yoxlama oyunu keçirməyi planlaşdırır. Klubun mətbuat katibi Rəşad Məmmədovdan aldığımız bilgiyə görə, artıq rəqiblərdən ikisinin adına aydınlıq gəlib. “Ağ-göylər” iyulun 22-də “Alanyaspor”, 25-də isə “Əskişəhərspor” ilə münasibətləri aydınlaşdıracaq. Qalan iki rəqib yaxın günlərdə məlum olacaq. Məmmədov bu yöndə danışıqların davam etdiyini söylədi. Yeri gəlmişkən, onu da qeyd edək ki, “kimyaçılar” Türkiyə toplanışına qədər daha iki yoldaşlıq matçı keçirməyi planlaşdırır. Sumqayıtın eyniadlı komandası iyulun 11-də elitanın debütantı “Sabah”la qarşılaşacaq. İyulun 15-nə təyin olunan oyun üçün isə rəqib axtarışı davam edir. Böyük ehtimalla, “kimyaçılar” həmin gün aşağı dəstənin iddialılarından olan “Şüvəlan”la gücünü sınayacaq.
“Sumqayıt”ın əsas komandası ilə yanaşı, əvəzedicilərinin də toplanışı davam edir. Mehdi Hüseynzadə adına stadionda məşq edən Elbrus Məmmədovun komandası hazırlıq çərçivəsində 5 sınaq matçı keçirəcək. “İkincilər” iyulun 18-də ötən mövsüm Region Liqasında çıxış edən, yeni “futbol ili”ndə isə birinci divizionda mübarizə aparmaq istəyən “Tufan”la üz-üzə gələcək. 3 gün sonra, daha dəqiq desək, 21-də Məmmədovun yetirmələrinin rəqibi “Səbail”in əvəzediciləri olacaq. “Ağ-göylər”in əvəzedici heyəti iyulun 25-i və avqustun 1-də eyni komanda ilə qarşılaşacaq. Söhbət “Keşlə”dən olan həmyaşıdlarından gedir. İki klub arasındakı razılığa əsasən komandalar bir həftə ərzində iki dəfə qüvvəsini sınayacaq. Avqustun 4-nə planlaşdırılan son qarşılaşma ilə bağlı məsələ isə hələ açıq qalıb. Rəşad bəy sonuncu matç üçün sınaqçı-rəqibin tapılmadığını söylədi.
Sonda “Sumqayıt”la bağlı daha bir xəbəri sizinlə bölüşək. Növbəti mövsüm üçün qarşısına ciddi hədəflər qoyan, Avropa Liqasına vəsiqə qazamağı planlaşdıran “gənclik şəhəri”nin təmsilçisi dünən daha bir futbolçu ilə müqavilə bağladı. Söhbət ötən mövsüm İsrail çempionatının güclülər dəstəsində çıxış edən Raanana “Hapoel”inin şərəfini qoruyan Əli Babayevdən gedir. Dayaq yarımmüdafiəçisi ilə anlaşmanın müddəti iki il nəzərdə tutulub. Babayev "Sumqayıt"da “99” nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, 1990 təvəllüdlü dayaq yarımmüdafiəçisi peşəkar karyerası boyunca yalnız "Hapoel”in şərəfini qoruyub. Əli Babayev İsrail təmsilçisinin heyətində meydana çıxdığı 135 oyunda 5 dəfə rəqib qapılarına yol tapıb. O, son mövsümdə 19 rəsmi oyunda iş başında olub.
RƏŞAD