“Qarabağ”ın rəqibi daha iki futbolçunu heyətinə qatdı
Qarabağ"ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində rəqibi olan "Olimpiya" növbəti, başqa cür desək, sonuncu yoxlama görüşü üçün meydana çıxıb. Sloveniya çempionu “Qarabağ”la oyun ərəfəsində son sınağını Misir "Əl-Əhli”sinə qarşı keçirib. Sloveniya paytaxtında baş tutan qarşılaşma 1:1 hesabıyla nəticələnib. Matçda hesabı 50-ci dəqiqədə Qoran Brkiç açıb. O, 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. "Olimpiya" üstünlüyünü 71-ci dəqiqədə əldən verib.
Maraq üçün qeyd edək ki, "Olimpiya" təlim-məşq toplanışı çərçivəsində keçirdiyi 4 yoxlama oyununun heç birində uduzmayıb. İki oyunda qələbə qazanıblar, daha iki görüş isə heç-heçə başa çatıb. Əvəzində “Qarabağ” Avstriya toplanışında qələbəyə həsrət qalıb.
Bu arada onu da nəzərinizə çatdıraq ki, “Olimpiya” iyulun 11-i və 18-də qarşılaşacağı “Qarabağ”la oyunlar üçün sifariş ərizəsini UEFA-ya təqdim edib. Komandanın iştirak ərizəsində 23 futbolçunun adı yer alıb. Onlardan 2-si qapıçı, 9-u müdafiəçi, 6-sı yarımmüdafiəçi, 6-sı isə hücumçudu: qapıçılar - 31. Alyaz İvaçiç, 41. Neyç Vidmar; müdafiəçilər - 3. Makki Baynak, 4. Leo Eyup, 5. Marko Qayiç, 14. Mario Yurçeviç, 18. Adam Yakupoviç, 27. Aris Zarifoviç, 30. Branko İliç, 44. Dino Ştiqlets, 70. Marko Putinçanin; yarımmüdafiəçilər - 7. Rok Kronaveter, 8. Daniel Mişkiç, 10. Qoran Brkiç, 23. Nik Kapun, 45. Matevs Turkuş, 90. Tomislav Tomiç; hücumçular - 15. Asmir Sulyiç, 17. Abbas İssah, 21. Kinqsli Boatenq, 22. Haris Kadriç, 77. Stefan Saviç, 95. Daniel Avramovski.
Siyahıdakı adlardan da göründüyü kimi, iştirak ərizəsində transferi son anda gerçəkləşən iki futbolçu var. Bunlar Asmir Sulyiçlə Marko Qayiçdi.
2015-ci ildən Macarıstan “Videoton”unda çıxış edən Sulyiç azad agent kimi “Olimpiya”ya keçib. İkiillik müqaviləyə imza atan bosniyalı vinger “Videoton”a qədər “Uypeşt” və “Sarayevo” klublarında da çıxış edib.
Müdafiəçi olan Qayiç isə Serbiyanın “Vozdovaç” klubundan transfer olunub. 26 yaşlı futbolçu Lyublyana klubu ilə üçillik müqaviləyə imza atıb. Karyerası ərzində “Radniçki”, “OFK Belqrad” və “Yavor”un uğurları üçün də tər töküb.
Hər iki futbolçunun adı artıq “Olimpiya”nın iştirak ərizəsinə daxil edilib və “Qarabağ”a qarşı oyunlarda iştirak edə biləcəklər.
HƏBİB