
“Səbail” İqor Korotetskini rənglərinə bağlayır
“Bu oyunda futbolçuların fiziki hazırlığına daha çox diqqət yetirdim”
“Səbail” – “Sabah” oyununu izlədikdən sonra “Bayıl Arena”nı dərhal tərk etmək doğru olmazdı. Baş məşqçilərin fikirlərini öyrənmək, bir çox suallara aydınlıq gətirmək lazım idi. Belə də etdik. Əvvəlcə meydan sahiblərinin yeni çalışdırıcısı Aftandil Hacıyevə yaxınlaşdıq.
- Oyun haqda fikirlərinizi bizimlə bölüşməyinizi istərdik.
- Bakı hazırlığımızın son mərhələsi idi. İlk yoxlama oyununu keçirdik. Matç keçirmək üçün darıxmışdıq. Futbolçuları iş başında görmək istəyirdik. Fikrimcə, yaxşı oyun oldu. Həm əvəzedici heyətdən götürdüyümüz futbolçuların, həm yeni transferlərin durumunu gördük, həm də baxışda olanları sınadıq. Ümumilikdə komandanın durumu bizə maraqlı idi. Düşünürəm ki, yaxşı alındı. Bəzi şeylər bizi razı saldı. Futbolçuların işlərinə ciddi şəkildə yanaşmaları məni qane etdi. Müsbət məqamlar çox idi. Əlbəttə, çatışmayan cəhətlərimiz də var. Bunu isə Türkiyə toplanışında aradan qaldırmağa çalışacağıq.
- Baxışda olan üç futbolçunun – Qleb Xruşov, İqor Korotetski və Lukas Nasimentonun çıxışı haqda nə deyə bilərsiz?
- Qleb gəncdi, onu məşqlərdə daha çox sınadıq. Onun üçün premyer liqada meydana çıxmaq hələ tezdi. Amma Korotetski tanıdığımız simadı. İqor “Kəpəz”dəki çıxışıyla tanınır. O, bizi razı saldı. Onunla yaxın günlərdə müqavilə bağlaya bilərik. Sözsüz, bu danışıqlardan asılı olacaq. Şərtlər önəmlidi. Şərtlər bizi qane etsə, müqavilə bağlayacağıq. Ancaq braziliyalı yarımmüdafiənin mərkəzi üçün istədiyimiz futbolçu deyil. Onun mövqeyində daha güclü futbolçu axtarışına çıxacağıq.
- Yeni transferlər Türkiyədə sıralarınıza qoşulacaq?
- Hazırda axtarışdayıq. Kimin bizə qoşulacağını deyə bilmərəm, çünki konkret ad yoxdu. Qarşıdakı günlərdə yeni transfer olsa, bundan xəbər tutacaqsız.
- Neçə və hansı mövqelərə transfer edəcəksiz?
- Hücumçu, pleymeyker və stopper axtarışındayıq. Vaxtımız qalsa, başqa mövqelər üçün də futbolçu alacağıq.
- Düşünmürsüz ki, transfer məsələsində yubanırsız?
- Bir çox agentlərlə təmasdayam. Belə transfer dönəmi olmamışdı. Keyfiyyətli futbolçu tapmaq çətindi. Çünki əksər yaxşı oyunçuların hansısa klubla müqaviləsi var. Agentlərin dili ilə desək, belə il olmamışdı. Başqa komandaların baş məşqçiləri də bundan şikayətlənir. Ancaq bu o demək deyil ki, futbolçu tapmayacağıq. Futbolçular daha çox avrokuboklarda çıxış edən komandalara meyillənirlər. Yaxın günlərdə hansısa futbolçunu sıralarımıza qatmağa çalışacağıq. Transferdə gecikə bilərik. Hələ çempionatın başlamasına xeyli vaxt var. İstəyirik ki, yoxlama oyunlarında yeniləri iş başında görək.
Daha sonra “Sabah”ın baş məşqçisi Elşad Əhmədovla danışdıq.
- Oyunun keyfiyyəti ürəyinizcə oldu?
- Toplanışa start verəndə futbolçulara bildirdim ki, mənim üçün hərəkətlilik və dözümlülük vacib amillərdi. Oyun o zaman xoşuma gələr ki, istədiyim oyunu meydanda komandamdan görüm. Hələ istədiyim oyun üslubunu futbolçulara tam aşılaya bilməmişəm. Bir həftə seleksiya çalışmalarına getdi. Bir həftədi ki, tam məşqlərimizi icra edirik. Bu üzdən oyun məni razı salmadı.
- Kərim Diniyevi stopper kimi oynatdız. Elşən Abdullayevi isə mərkəz yarımmüdafiəçisi mövqeyinə yerləşdirmişdiz. Bu oyunçular çempionatda da bu mövqelərdə çıxış edəcəklər?
- Onların hər ikisi üçün doğma mövqedi. "Neftçi"nin əvəzedicilərində rəhbərliyim altında bu mövqelərdə çıxış ediblər. Kərimlə Elşəni daha yaxşı həmin mövqelərdə görürəm.
- Legionerlərdən razı qaldız?
- Bir həftədi yüklənmə prosesi gedir. Gündə iki dəfə məşq edirik. Bu oyunda futbolçuların fiziki hazırlığına daha çox diqqət yetirdim. Ona görə fiziki hazırlıq üzrə məşqçini yanımda otuzdurmuşdum. Qət etdikləri məsafəyə önəm verirdim.
- Gerçəkləşəcək transferlərlə bağlı nə deyə bilərsiz?
- Üç legioner haqda fikirləşirik. Artıq birinin kimliyi dəqiqləşib. Pleymeyker və vinger kimi oynaya bilir. Sabah (dünən) Bakıda olacaq. Hücumçu və sol cinah müdafiəçisi də axtarırıq. Elvin Bədəlov da bizdədi. Artıq onunla müqavilə bağlamışıq. Bu müdafiəçini hələ "Neftçi"də oynayandan tanıyıram. Perspektivinə bələdəm, yaxşı uşaqdı. İnşallah, burda potensialını açar.
- Bu yoxlama oyununda baxışda olan və gələcəyi ilə bağlı qərar verdiyiniz futbolçu var idi?
- Bütün oyunçular Türkiyə toplanışında iştirak edəcək. Bundan sonra qərar veriləcək.
SƏRXAN