“Baltsan” – “Keşlə” matçı göstərilməyəcək
Avrokubok həyəcanı get-gedə yaxınlaşır. Təmsilçilərimizin qitəmiqyaslı turnirlərdə mübarizəyə start verməsinə bir həftədən də az qalıb. Məlum olduğu kimi, “Qarabağ” Çempionlar Liqasında, “Qəbələ”, “Neftçi” və “Keşlə” isə Avroliqada mübarizə aparacaq. “Köhlən atlar”la “Keşlə” ilk oyunu səfərdə keçirəcəksə, qalan iki təmsilçimiz Avroliqa yoluna evdə start verəcək. Təbii, doğma meydanda oynayan komandalarımızın dolu tribunalar önündə çıxış etməsini istərdik. Elə səfər matçlarında da təmsilçilərimizin az da olsa, dəstəklənməsi yaxşı olar. Lakin qarşılaşmaları televiziyadan izləmək istəyənlərin də sayı yetərincə çox olacaq. Bu üzdən avrokubok matçlarının yayını ilə bağlı sual doğuran məqamlara aydınlıq gətirmək qərarına gəldik.
Xatırlayırsızsısa, son illərə kimi bu məsələ əsl problem idi. Demək olar, bütün komandaların, daha doğrusu, azarkeşlərin taleyi “İdman Azərbaycan”dan asılı olurdu. Dövlət telekanalı isə özünə o qədər də əziyyət vermədən birini göstərirdi, beşini yox. Özəl telekanallar, ümumiyyətlə, buna maraq göstərmirdi. Əslində həmin kanalların üzərinə çox da getmək olmurdu. Hər halda, “özəl” statusu buna imkan vermirdi. Ancaq “İdman Azərbaycan”ın da biganəliyinə söz tapa bilmirdik. Təkcə bir nümunəni xatırladaq. “Neftçi”nin tarixi ilkə imza atdığı və “ağ-qaralar”ı AL-in qrupuna daşıyan APOEL üzərində qələbəni azərbaycanlı azarkeşlər görmədi. Bu məqam artıq hər şeyi deyir. Nə yaxşı ki, “CBC Sport” fəaliyyətə başladı. Ara-sıra bu telekanalı tənqid etsək də, doğrudan da onun sayəsində əziyyətdən xilas olduq. “CBC Sport” təkcə ölkədaxili yarışlar zamanı yox, avrokuboklarda da əl-qolunu çırmaladı. Beləcə azərbaycanlı futbolsevərlər böyük bir əziyyətdən qurtulmuş oldu. Məlum olduğu kimi, ÇL və AL-in təsnifat mərhələləri, eyni zamanda qitənin ikinci dərəcəli klub turnirinin pley-offu zamanı yayın hüququ klublarda olur. Bu zaman klub istənilən telekanalla razılaşa bilər. Ancaq ÇL-in pley-offu da daxil olmaqla qrup matçları zamanı artıq yayın hüququ UEFA-nın ixtiyarına keçir. Qitə futbol qurumu isə onu bir telekanala satır ki, bizdə həmin hüquq “İdman Azərbaycan”dadı. İndi gələk əsas məsələyə. Qarşıda 4 təmsilçimizin oyunu var. Görəsən, həmin qarşılaşmaları hansı telekanallar göstərəcək? Ümumiyyətlə, oyunlar hamısı göstəriləcək?
Öncə “Qarabağ”ın məsələsinə aydınlıq gətirdik. Məlum olduğu kimi, “köhlən atlar” iyulun 11-də “Olimpiya” (Sloveniya) ilə qarşılaşacaq. Lyublyanadakı “Stoyitse” stadionunda baş tutacaq oyun Bakı vaxtı ilə saat 22.00-da start götürəcək. Maraqlıdı ki, həmin gün DÇ-nin yarımfinal matçı da var. Özü də həmin qarşılaşma “Olimpiya” – “Qarabağ” görüşü ilə eyni saatda başlayır. Əvvəllər Ağdam təmsilçisinin oyunlarını Az.TV və ya “İdman Azərbaycan” yayınlayırdı. Belə düşünmək olar ki, həmin gün bu iki telekanaldan biri DÇ-nin, digəri isə ÇL-in oyununu göstərəcək. Yayın məsələsini dəqiqləşdirmək üçün “Qarabağ”ın mətbuat katibi Nurlan İbrahiumovla əlaqə saxladıq: “Həm “CBC Sport”, həm də “İdman Azərbaycan” maraqlanıb. Əsas şərtimiz budu ki, hər iki oyunumuz canlı yayınlansın. Yəni bizim ev matçımızı göstərən kanal Sloveniyadakı görüşün də yayın hüququnu almalıdı. Deyəsən, “Olimpiya” tərəfi oyunun başlama saatının dəyişdirilməsini istəyir. Bildiyiniz kimi, bizim matç DÇ-nin yarımfinal görüşü ilə üst-üstə düşür. Bu üzdən yayın məsələsində dəqiqləşmə yoxdu”.
İyulun 12-də keçiriləcək Avroliqa matçlarına gəlincə, “Qəbələ” – “Proqres” (Lüksemburq) görüşü saat 20.00-da start götürəcək. “Qırmızı-qaralar”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyevdən aldığımız bilgiyə görə, oyunu “İdman Azərbaycan” nümayiş etdirəcək. “Neftçi”nin həm ev, həm də səfər matçlarını “CBC Sport” öhdəsinə götürüb. Qeyd edək ki, “Neftçi” – “Uypeşt” (Macarıstan) oyunu saat 21.00-da başlayacaq. Qalır “Keşlə”. Paytaxt təmsilçisinin səfərdə Malta “Baltsan”ı ilə dueli 21.00-da start götürür. “Keşlə”nin mətbuat katibi Səbuhi Məmmədov məsələylə bağlı bunları dedi: “Ev oyunumuzu “CBC Sport” verəcək. Biz də istərdik ki, səfər matçımız da göstərilsin. Ancaq bununla bağlı konkret məlumat yoxdu. Texniki və hüquqi məsələlər həllini tapsa, çox güman, yayınlanacaq”.
Sonda isə “CBC Sport”un şərhçilər qrupunun rəhbəri Rüstəm Əfsərli ilə danışdıq: “Neftçi” və “Keşlə” ilə rəsmi razılığa gəlmişik. Hər iki klubun ev və səfər oyunlarının yayın hüququ bizdədi. Ancaq iyulun 12-də baş tutacaq “Baltsan” – “Keşlə” matçını yayınlamayacağıq. Çünki Maltada oyunu çəkmirlər. “CBC Sport”un edə biləcəyi bir şey yoxdu. “Qəbələ” ilə “Neftçi”nin oyunlarının başlama saatı üst-üstə düşürdü. Əslində biz onlara müraciət etmişdik və müzakirəmiz də olmuşdu. Ancaq saat məsələsinə görə seçim etdik. “Qəbələ” ilə ən azı bu mərhələdə işbirliyimiz olmayacaq. “Qarabağ”a təklifimizi göndərmişik, müraciətimizi ünvanlamışıq. Klubun qərarını gözləyirik”.
FARİZ