
"Qarabağ" qələbəsiz dönür
“Qarabağ” Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində dünən sonuncu yoxlama görüşünü keçirdu. Ölkə çempionu Kiyev “Dinamo”su ilə qarşılaşdı. İlk üç oyunda qələbə qazana bilməyən Qurban Qurbanovun yetirmələri uğursuz seriyaya Ukrayna təmsilçisi ilə dueldə də son qoya bilmədi. Oyun kiyevlilərin minimalhesablı qələbəsi ilə yekunlaşdı. “Qarabağ”ın start heyəti belə idi: 12. Şahruddin Məhəmmədəliyev, 55. Bədavi Hüseynov, 52. Yakub Jezniçak, 5. Maksim Medvedev, 77. Vild-Donald Gerye, 2. Qara Qarayev, 91. Coşqun Diniyev, 19. Filip Ozobiç, 10. Dani Kintana, 17. Abdullah Zubir, 11. Mahir Mədətov. Öncə onu qeyd edək ki, görüş Ukrayna təmsilçisinin saytında göstərilirdi. Matçın əvvəllərində topa nəzarət "Qarabağ"ın tərəfində idi. Ancaq yavaş-yavaş "Dinamo" da oyunu bərabərləşdirməyə çalışırdı. 13-cü dəqiqədə Şahruddin kiyevlilərin sevinməsinə imkan vermədi. Az sonra isə "Qarabağ" hesabda geri düşdü. Vitali Buyalskinin ötürməsini Viktor Tsıqankov dəqiq tamamladı. 20-ci dəqiqədə hesab arasındakı fərq arta bilərdi. Benyamin Verbiçin zərbəsindən sonra top qapıdan aralı keçdi. "Dinamo"nun heyətində ilk yarıda bəzi dəyişikliklər oldu. 42-ci dəqiqədə Artyom Şabanov qeyri-dəqiq zərbəylə yadda qaldı. İkinci yarıda hər iki komamdanın heyətində dəyişikliklər edildi. Matçın tempi o qədər də yüksək deyildi. İkinci hissədə "Dinamo"dan Boqdan Lednev, "Qarabağ"dan isə Qara Qarayev diqqət mərkəzinə düşdü. Ancaq ümumilikdə "köhlən atlar" o qədər də parlaq oyun sərgiləmədi. Beləliklə, ağdamlılar vətənə qələbəsiz dönür. Xatırladaq ki, “Qarabağ” buna qədər “Ludoqorets” (Bolqarıstan, 1:1), “Vakker İnsbruk”(Avstriya, 0:0) və Suriya yığması (0:1) ilə qarşılaşmışdı.
Kiyevlilərin baş məşqçisi Aleksandr Xatskeviç klub saytına oyunla bağlı bunları deyib: “Aydındı ki, “Qarabağ”la durumumuz eyni deyil. Bir həftə sonra Çempionlar Liqasında mübarizəyə başlayacaq rəqib üçün bu toplanışın son oyunu idi. Biz yalnız ilk oyunumuzu keçirdik. Görürəm ki, uşaqlar düz istiqamətdə gedirlər və onlardan nə tələb olunduğunu anlayırlar. Son ötürmənin icrası daha yüksək səviyyədə olmalıdı”.
FARİZ