Aleksey İsayev: “Bu addımı atmamış üç gün düşündüm”
Mövsümlərarası fasilədə “Sumqayıt”ın rənglərinə bağladığı futbolçulardan biri də Aleksey İsayevdi. Rusiya təmsilçisi “Yenisey”in yetirməsi olan yarımmüdafiəçi iki il öncə “Zenit”ə yollansa da, əsas komandaya düşə bilmədiyindən birinci dəstədə çıxış edən “Zenit-2”nin şərəfini qoruyub. Geridə qalan mövsüm isə icarə əsasında yenidən Krasnoyarsk təmsilçisinə dönən Aleksey “Yenisey”in premyer-liqaya yüksəlməsində pay sahiblərindən biri olub. “Sumqayıt”ın məşqini izləyərkən 22 yaşlı futbolçunun topla rəftarından, meydanı görmək qabiliyyətindən yaxşı məktəb keçdiyini görmək olardı. Sarışın yarımmüdafiəçi düşərgədə yeni olmasına baxmayaraq, inamlı görünür, komanda yoldaşları ilə köhnə dostlar kimi münasibət qururdu. Bir sözlə, İsayev belə davam etsə, böyük ehtimalla yeni mövsümün kəşflərindən biri olacaq. “Kimyaçılar”ın srağagünki məşqindən sonra onunla söhbətləşməyi lazım bildim.
- Öncə “Sumqayıt”a keçidindən danışaq. Necə oldu ki, “kimyaçılar”la anlaşdın?
- Mövsüm başa çatandan sonra tətilə buraxılmışdıq. Həmin ərəfədə klubun prezidenti Riad Rəfiyev mənimlə əlaqə saxladı və “Sumqayıt”da oynamağı təklif etdi. Açığı, onun təklifi barədə çox düşündüm. Tərəzinin bir tərəfinə “Sumqayıt”dan aldığım təklifi, bir gözünə isə Rusiyadakı karyeramı qoydum. Uzun-uzadı fikirləşdikdən sonra karyeramı Azərbaycanda davam etdirməyə qərar verdim. Ümid edirəm ki, seçimimdə yanılmayacam. Sizi inandırım ki, bu addımı atmamış üç gün düşündüm.
- İki il öncə “Zenit” sənin transferin üçün “Yenisey”ə 500 min dollar ödəmişdi. Transfer haqqı yarım milyon dollar olan futbolçunun “Sumqayıt”ı seçməsi kənardan bir qədər təəccüblü görünür... Üstəlik, yeni klubun keçidin üçün Sankt-Peterburq təmsilçisinə bir qəpik də ödəməyib. Bu nəsə inandırıcı görünmür.
- Görünür, “Zenit” rəhbərliyinin, məşqçilər korpusunun etimadını qazana bilmədim. Mənim məqsədim əsas komandaya düşmək idi. Təəssüf ki, alınmadı. Ancaq buna görə qanımı qaraltmıram. Bilirəm ki, futbol oynamağı bacarıram və bunu həm “Zenit-2”də, həm də “Yenisey”də sübut edə bilmişəm. Qarşıma ciddi hədəflər qoymuşam və pilə-pillə də olsa, ona doğru addımlayıram.
- Bildiyim qədər mövsümlərarası fasilədə sənə Rusiya klublarından təklif gəlib. Əsasən də birinci divizionun iddialıları səni heyətində görmək istəyib. Ancaq nədənsə onların təklifini geri çevirmisən. “Sumqayıt”ın təklif etdiyi müqavilə şərtləri bu qədər cəlbedicidi ki, Azərbaycana üz tutdun?
- Sadəcə, Rəfiyevə söz verdiyimə görə burdayam. Həmin təkliflər isə mənə bura gəlməmişdən 3 gün öncə gəldi. Mən kiməsə həyatda nəsə söz vermişəmsə, mütləq arxasında dururam. Təbiətcə belə insanam və dürüstlüyü sevirəm. Fikrimcə, hər bir kəs həyatda tutduğu mövqedən, peşəsindən asılı olmayaraq, vədinə əməl etməlidi. Mən belə mühitdə böyümüşəm, belə görmüşəm. Klub prezidentinə komandaya kömək edəcəyimi, qarşıya qoyulan məqsədə çatmaqda maksimum faydalı olacağımı bildirmişəm. Ümid edirəm ki, mövsümün sonunda istəyimizə nail olub Avropa Liqasına vəsiqə qazana biləcəyik.
- “Sumqayıt”la anlaşmamışdan öncə “MATÇ TV”də sənin “Qəbələ”yə keçəcəyinlə bağlı xəbər yayıldı. Adını qeyd etdiyim telekanal klubları səhv salmışdı, yoxsa həqiqətən də “Qəbələ” variantı da olub?
- Sözün düzü, bunun hardan çıxdığını özüm də bilmirəm. Mənim “Qəbələ” ilə heç bir əlaqəm olmayıb. Tanışlarım həmin verilişin linkini mənə atanda baxıb təəccübləndim. Bunu mediaya kim və hansı məqsədlə ötürüb, bilmirəm. Mənimlə əlaqə saxlayan yalnız Rəfiyev olub. Başqa Azərbaycan klublarından heç biri ilə danışıq aparmamışam.
- Artıq bir neçə gündü Bakıdasan. Paytaxtımız xoşuna gəlir?
- Bakı çox gözəl şəhərdi. Müqavilə bağlamamışdan əvvəl ikigünlüyə ölkəyə gəlib tanış olmağa qərar verdim. Açığı, Bakını görəndə çox təəccübləndim. Tam səmimi deyirəm, paytaxt məni valeh etdi. Özüm yerbəyer olandan sonra anamı və nişanlımı bura gətirəcəm. Qoy onlar da buranın necə gözəl olduğunu görsünlər. Heç şübhəsiz, mənim üçün dünyada ən gözəl şəhər böyüyüb boya-başa çatdığım Krasnoyarskdı. Necə deyərlər, hər kəsə lap pis də olsa, öz evi doğmadı. İnsan öz evində tapdığı rahatlığı heç dünyanın ən bahalı otelində belə tapa bilmir. Krasnoyarskdan sonra Sankt-Peterburqu qeyd edərdim. Ancaq Bakının özünəxas, heç bir şəhərə bənzəməyən görünüşü və ab-havası var.
- Atan azərbaycanlıdı. Hazırda burda qohumlarınız var?
- Ata babam tərəfdən qohumlarımız var. Ancaq mən onları tanımıram. Açığı, onlarla heç vaxt görüşməmişəm və harda yaşadıqlarını da bilmirəm. Anam isə milliyyətcə rusdu.
- Artıq yeni komandanda ilk məşqə çıxmısan. “Sumqayıt”ı bəyəndin?
- Kollektivdə yaxşı uşaqlar cəmləşib. Futbol oynamağı da bacarırlar. Məni də çox yaxşı qarşıladılar. Sanki neçə illərdi bir-birimizi tanıyırıq, daim bir yerdə, çiyin-çiyinə futbol oynamışıq. Sözün düzü, belə isti qarşılanacağımı gözləmirdim. Buna görə rəhbərliyə, məşqçilər korpusuna və uşaqlara təşəkkür edirəm. Oyunumla onların etimadını doğrultmağa çalışacam.
RƏŞAD