Jozef Bum isə gəlib çıxmayıb
“Zirə”nin Riçard Qadzeyə yeni müqavilə təklif etmədiyini xəbər vermişdik. Qəsəbə təmsilçisinin baş məşqçisi Ayxan Abbasov qəzetimizə açıqlamasında bu futbolçu ilə bağlı yekun qərara gəlmədiklərini, məsələni saf-çürük etdiklərini söyləmişdi. Artıq Qadzenin məsələsinə nöqtə qoyulub. Klubun mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadədən aldığımız bilgiyə görə, “qartallar” Riçardın xidmətində maraqlı olmayıb. Xatırladaq ki, Qadze ötən ilin qışında “Zirə” ilə anlaşmışdı. Qanalı hücumçu qəsəbəb təmsilçisinin heyətində çempionat, kubok və Avroliqa da daxil olmaqla ümumilikdə 41 oyunda meydanda olub, 12 qol vurub.
Komandanın digər legioneri Jozef Bumun məsələsi isə açıq qalır. Xatırladaq ki, mərkəz müdafiəçisi "Zirə"yə qayıtmaq fikrində deyil. Halbuki onun “qartallar”la birillik müqaviləsi qüvvədədi. Qəsəbə təmsilçisi Bumla anlaşmaya qarşılıqlı razılıq əsasında o şərtlə xitam vermək niyyətindədi ki, təzminat alsın. Jozef isə heç bir təzminat ödəmək fikrində deyil, təyin olunan vaxtda "qartallar"ın məşqinə qoşulmayıb. Bu üzdən "Zirə" FİFA-ya şikayət etmək fikrindədi. Vəziyyət belə davam edərsə və futbolçu gəlməzsə, qəsəbə təmsilçisi ali futbol qurumuna Jozeflə bağlı rəsmi müraciət ünvanlayacaq. Ayxan Abbasovun rəhbərlik etdiyi komanda növbəti mövsümə hazırlıq məqsədilə təlim-məşq toplanışına start versə də, Bumu “gördüm” deyən yoxdu.
FARİZ