Şeydayev “Trabzonspor”a lazım olmadı
Yeni mövsümə hazırlığı davam etdirən “Ertsgebirge” növbəti yoxlama oyununu keçirib. İkinci bundesliqa təmsilçisi regional liqanın Şimal-Şərq zonasında çıxış edən “Auerbax”ı sınağa çəkib. “Bənövşəyilər” rəqibin qapısından iki cavabsız top keçirib. Start heyətində yer alan Dmitri Nazarov 46-cı dəqiqədə komandasının ikinci qoluna imza atıb.
Ramil Şeydayevin isə “Trabzonspor”dan ayrılması rəsmiləşib. Belə ki, komandanın yeni baş məşqçisi Ünal Karaman yığmamızın üzvü və Aytaç Karanın gedişi haqda “Fanatik” nəşrinə açıqlama verib: “Mən hər iki futbolçuya gələcək karyerasında uğurlar arzulayıram. Bizə elə oyunçular lazımdı ki, bütün çətinliklərə baxmayaraq, Trabzonu yaşıl meydanda şərəflə təmsil etsinlər. Hər şeydən önəmlisi bu klubdu. Hər oyunçu əsas heyətə düşmək uğrunda mübarizə aparmalı və anlamalıdı ki, işini yarımçıq görə bilməz”.
U-21 yığmamızın futbolçusu Ozancan Kökcü “Bursaspor”da möhkəmlənir. Türkiyə mətbuatının yazdığına inansaq, “Velveyk”dən icarədən qayıdan 19 yaşlı yarımmüdafiəçi “ağ-yaşıllar”ın təlim-məşq toplanışında özünü yaxşı tərəfdən göstərməyi bacarır. Baş məşqçi Samet Aybaba hazırlığın başa çatan ilk mərhələsində məmnun qaldığı oyunçuların adını açıqlayarkən, Kökcünü də bəyəndiyini, yeni mövsümdə onlardan çox şey gözlədiyini deyib.
Qeyd edək ki, Ozancan Kökcünün “Bursaspor”la müqaviləsinin müddəti 2021-ci ilin yayına qədərdi.
SƏRXAN