Budağın “Sportinq”dəki taleyinə isə aydınlıq gəlməyib
Ötən mövsümün əvvəlində Çexiya “Slaviya”sı ilə müqavilə bağlayan Fərid Nəbiyevin karyerasını harda davam etdirəcəyi məlum olub. Futbolçunun agenti Vaqif Heydərlidən aldığımız bilgiyə görə, “Qəbələ”nin yetirməsi olan yarımmüdafiəçi qarşıdakı mövsümü Çexiyanın birinci dəstəsində çıxış edən “Vitkovitse”də keçirəcək. Nəbiyev yeni klubunda icarə əsasında çıxış edəcək. Futbolçunun agentinin sözlərinə görə, “Slaviya”nın bu addımı atmaqda məqsədi Fəridə oyun təcrübəsi qazandırmaqdı.
Heydərli ilə söhbətdə daha bir müştərisi, Lissabon “Sportinq”inin ikinci komandasının şərəfini qoruyan Budaq Nəsirovun taleyiylə maraqlandıq. Vaiqf bəy Nəbiyevdən fərqli, Nəsirovun karyerasını harda davam etdirəcəyi sualının açıq qaldığını bildirdi: “Bildiyiniz kimi, son günlərdə “Sportinq”in rəhbərliyində dəyişiklik oldu. Yeni gələn prezident hətta mövsümlərarası fasilədə əsas komandanın “sükanı arxasına” dəvət olunan Sinişa Mihayloviçlə də yolları ayırdı. Hazırda Lissabon təmsilçisində qarışıqlıqdı. Hələ ki gözləmə mövqeyindəyik. Böyük ehtimalla iyulun 15-nə kimi Budaqla bağlı bütün suallara aydınlıq gələcək. Onun başqa kluba yollanmaq ehtimalı da var, “Sportinq”də qalmaq da. Yeni mövsümdən Portuqaliyada U-23 liqası yaranacaq. Ola bilər ki, Nəsirov öz klubunda qalıb “Sportinq”in U-23 komandasında oynasın”.
RƏŞAD