“Qarabağ” və “Qəbələ” isə azarkeşlərin həsrətinə gələn həftə son qoyacaq
Yayın istisində başımızı futbolla qatırıq. Dünya çempionatı hazırda futbolsevərlər üçün məlhəm rolunu oynayır. Qonşu Rusiyada keçirilən mundialdakı bir-birindən maraqlı oyunlardan zövq alırıq. Amma hər şeyin bir sonu olduğu kimi, bu DÇ-ni də başa vuracağıq. Artıq yolun yarısından çoxunu keçmişik. İyulun 15-də mundialla vidalaşacağıq. Başqalarını deyə bilmərik, ancaq yerli futbolun vurğunları o qədər də təəssüflənməyəcək. Çünki hələ mundialın yarımfinal qarşılaşmaları keçiriləndə klublarımızın növbəti avrokubok macərası start götürəcək. Yenə hər həftə ölkəmizin əmsalının artmasını “sıxacağıq”. Ki, görək qitə arenasında neçənci pilləyə qalxırıq. Bir sözlə, gələn həftədən bizi alışdığımız və hər yay həsrətlə gözlədiyimiz xoş həyəcan ağuşuna alacaq. Yerli futbola dəyər verməyənlər isə bu həyəcanın nə demək olduğunu anlamaz. Nə isə...
Bildiyiniz kimi, “Qarabağ”ın Çempionlar Liqasının qrupuna gedən yolda ilk rəqibi Sloveniya “Olimpiya”sıdı. Birinci təsnifat mərhələsinin ilk oyunu iyulun 11-də Lyublyanada keçiriləcək. Bundan bir həftə sonra – ayın 18-də “Qarabağ”ın birillik fasilədən sonra Tofiq Bəhramov adına Respublika stadionuna qayıdışı reallaşacaq.
Avropa Liqasında yenə 3 klubla təmsil olunuruq. Hamısı da mübarizəyə 1-ci mərhələdən start verəcək. “Qəbələ” iyulun 12-də “Proqres”i doğma meydanda qəbul edəcək. Bir həftə sonra isə Lüksemburqda cavab oyununa çıxacaq. “Neftçi” də ilk görüşü evdə keçirəcək. Flaqman ayın 12-də “Dalğa Arena”da “Uypeşt”i sınağa çəkəcək və 19-da Macarıstanda cavab görüşü baş tutacaq. “Keşlə” isə mübarizəyə səfərdə start verəcək. Yuri Maksimovun komandası iyulun 12-də Maltada “Baltsan”la üz-üzə gələcək. Düz bir həftə sonra tərəflər Bakıda həlledici matçı keçirəcək.
İlk oyunlara cəmi 10 gün qalıb. Görəsən, klublar evdə keçirəcəkləri görüşlərin biletlərini nə vaxt satışa çıxarmağı düşünür? Hər halda, bu proses nə qədər tez start götürsə, azarkeşlər üçün bir o qədər sərfəli olar. Çünki heç kim yay günlərində, başına Günəş şüası “döyə-döyə” bilet növbəsinə durmaq istəməz. Bu üzdən biletlər mümkün qədər erkən və müxtəlif, əlçatan yerlərdə satışa çıxarılmalıdı. Belədə tələbat da yüksək olar. Mətbuat katiblərini dinləyək.
Nurlan İbrahimov (Qarabağ): “Biletlərin qiyməti 1-10 manat aralığında dəyişəcək. Yalnız VİP-zona üçün biletlər 50 manatdan satılacaq. Çox güman, biletlər iyulun 10-dan sonra satışa çıxarılacaq”.
Anar Hacıyev (Qəbələ): “İyulun 9-dan biletlər azarkeşlərin ixtiyarına veriləcək. Ev oyunumuzu Qəbələdə keçirəcəyimizdən biletləri də yalnız orda satacağıq. Əksər biletlərin qiyməti 2 və 5 manat olacaq. VİP biletlər isə 30 manat dəyərində nəzərdə tutulub”. Rüstəm Allahverdiyev (Neftçi): “Bu həftəiçi biletləri satışa çıxarmağı planlaşdırırıq. Biletlərin qiyməti 1, 2, 5 və 20 manat olacaq. Satış nöqtələriylə bağlı isə danışıqlar davam edir. Çalışırıq biletləri elə yerlərdə satışa çıxaraq ki, azarkeşlər rahat şəkildə ala bilsin. Sırf bu işlə məşğul olan əməkdaşlarımız var. Metro stansiyalarının çıxışlarında biletləri satışa çıxarmağı planlaşdırırıq”.
Səbuhi Məmmədov (Keşlə): “Bildiyiniz kimi, biz ilk oyunu səfərdə keçirəcəyik. Hələ cavab görüşünün saat neçədə başlayacağı dəqiqləşməyib. UEFA-dan cavab gözləyirik. Çox güman, səfər qarşılaşmasından sonra biletləri satışa çıxaracağıq”.
SƏRXAN