Maksimov Edunu sınayır
Türkiyədə təlim-məşq toplanışında olan “Keşlə” şənbə günü hazırlıq çərçivəsində ilk yoxlama matçını keçirib. Paytaxt təmsilçisi “Çelik Zenitsa” ilə qarşılaşıb. Yuri Maksimov Bosniya və Hersoqivina təmsilçisi ilə görüşdə ilk dəqiqələrdən bu futbolçulara meydana çıxmaq şansı yaradıb: 15.Orxan Sadıqlı, 2. Sərtan Taşkın, 3. Denis Silva, 4. Slavik Alxasov, 7. Vaqif Cavadov (k), 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev, 19. Azər Salahlı, 24. Fuad Bayramov, 21. Herve Tçami, 14. Andre Klennon.
Ötən mövsüm Bosniya və Hersoqovina superliqasında 11-ci yeri tutan “qara-qırmızılar” Azərbaycan kubokunun qalibi ilə qarşılaşmada daha üstün futbol sərgiləyərək Maksimovun komandasını iki dəfə meydanın mərkəzinə dəvət ediblər. Təmsilçimiz isə 90 dəqiqə ərzində rəqibin torunu silkələməyi bacarmayıb – 0:2
“Keşlə”nin ilk yoxlama görüşündə Kamran Ağayevin meydana çıxmaması bir qədər təəccüblü göründü. Olmaya “çərçivə qoruyucusu” komandanın toplanışına qatılmayıb? Ancaq klubun mətbuat katibi Səbuhi Məmmədovla əlaqə saxladıqda məlum dolu ki, Ağayev düşərgədədi və məşqlərdə iştirak edir. Sadəcə, hələ tam hazır olmadığından baş məşqçi “Çelik Zenitsa” ilə matçda qapını Orxan Sadıqlıya etibar edib.
Bosniya və Hersoqovina klubu ilə oyundan sonra paytaxt təmsilçisinin baş məşqçisi Yuri Maksimov qəzetimizə matçla bağlı fikilərini bölüşüb: “Türkiyə toplanışına iyun ayının 28-də başlamışıq. Bundan öncə Bakıda birhəftəlik toplanış keçirmişik. Hər iki toplanışda fiziki yükləmələrə xüsusi diqqət vermişik. Dünən keçirilən oyunda 14 futbolçu iştirak edirdi. Yeni və gənc futbolçulara da şans verdik. Qarşıda hələ iki yoldaşlıq matçı var. Bizi əsas düşündürən iyulun 12-də keçiriləcək oyundu. Çalışacağıq ki, Avropa Liqasının ilk mərhələsi çərçivəsində keçirəcəyimiz oyuna hazır olaq”.
Bu arada onu da bildirək ki, “Keşlə”nin Boludakı toplanışına yeni futbolçu qoşulub. Vaxtilə ölkəmizdə AZAL və “Zirə”nin şərəfini qorumuş Eduardo Konseysao, qısaca Edu yenidən ölkəmizdə çıxış edə bilər. Braziliyalı yarımmüdafiəçi bunun üçün əvvəlcə baxışdan keçməlidi. “Sambaçı” srağagün “ağ-qırmızılar”ın düşərgəsinə təşrif buyurub və qarşıdakı günlərdə Maksimovun etimadını qazanmağa çalışacaq.
Onu da qeyd edək ki, 30 yaşlı yarımmüdafiəçi bir vaxtlar “Korintians” və “Botafoqo” klublarında da forma geyib. Edu Azərbaycandan başqa Yaponiya, Almaniya, Polşa və Bəhreyndə də legioner həyatı yaşayıb. Səbuhi bəy bizimlə söhbətdə braziliyalının düşərgədə olduğunu bildirdi və onu da vurğuladı ki, yarımmüdafiəçi ilə bağlı qərar gələn həftə veriləcək.
RƏŞAD