Ziya Əzizov isə “Den Boş”da qaldı
Ramil Şeydayevin "Trabzonspor"un son məşqlərinə qatılmadığını bilirsiz. Futbolçunun yenidən icarəyə veriləcəyi gözlənilir. Müqaviləylə “bordo-mavilər”ə məxsus hücumçu daha öncə icarə əsasında Slovakiya “Jilina”sında və “Qarabağ”da forma geyib. Türkiyə klubunun prezidenti Ahmet Ağaoğlu Matuş Bero və Şeydayevin başqa komandaya keçidi ilə bağlı danışıqlar apardıqlarını bildirib. Ağaoğlunun fikrincə, bu transferlər gerçəkləşsə, klub büdcəsinə 8-8,5 milyon avro qənaət edəcək: “Onların xərclərini qarşılaya biləcək pulu bizə ödəsələr, hər iki futbolçu ilə yollarımızı ayıra bilərik. Amma yenə deyirəm, xərclərini ödəyəcəkləri halda".
Qeyd edək ki, Ramilin Avstriya "Mattersburq"una keçəcəyi gözlənilir.
Bu arada “Ertsgebirge” ikinci yoxlama oyununa çıxıb. İkinci bundesliqa komandası Almaniyanın aşağı liqa təmsilçilərindən “Vildenştayner” ilə üz-üzə gəlib. Görüşdə səviyyə fərqi aşkar büruzə verib. Təsadüfi deyil ki, “bənövşəyilər” rəqibin qapısından 25 cavabsız top keçirib. Dmitri Nazarov ilk 45 dəqiqədə oynayıb və qol vura bilməyib. Xatırladaq ki, yığma üzvü “Limbax-Oberfrohna” ilə yoxlama oyununda (17:0) het-trikə imza atmışdı.
21 yaşadək futbolçulardan ibarət yığmamızın üzvü Ziya Əzizov isə yeni mövsümə “Den Boş”da başlayacaq. Halbuki həmyerlimizə Hollandiyanın elitasında çıxış edən “Vitess”dən maraq olub. Ancaq görünür, erediviziya təmsilçisi yarımmüdafiəçini havayı transfer etmək istədiyindən bu keçid baş tutmayıb. Əzizovun “əjdahalar”la müqaviləsinin müddəti isə ilin sonunda başa çatacaq. Deməli, Ziya qış fasiləsində 1-ci divizion təmsilçisindən ayrılıb, başqa kluba keçə bilər.
Bu arada "Qarabağ"dan ayrıldıqdan sonra gah Qətərə, gah da Çinə yollanacağı deyilən Riçard Almeyda fərqli addım atıb. Düzdü, yığma üzvü karyerasını Asiyada davam etdirəcək. Ancaq mərkəz yarımmüdafiəçisi avrokuboklarda özünü göstərə bilər. Belə ki, Almeyda karyerasını Qazaxıstanda davam etdirmək qərarına gəlib. "Qəbələ"dən ayrılaraq "Astana"nın baş məşqçisi olan Roman Qriqorçuk keyfiyyətlərinə bələd olduğu futbolçunu yanına aparıb. Ancaq müqavilənin detalları hələ bəlli deyil.
SƏRXAN