Məlum olduğu kimi, mövsüm başa çatandan sonra "Zirə" əksər legionerlərini yola saldı. Yani Urdinovla Comal Uilyamsın icarə müddəti başa çatdısa, Milan Duriç, Yovan Krneta və Viktor İbokoyi ilə yeni müqavilə imzlanmadı. Yalnız Sadio Tounkara ilə Aleksandr Dedov hazırda "qartallar"ın düşərgəsindədi. Əslində daha bir futbolçunun müqavilə müddəti bitib. Ancaq hələ ki qəsəbə təmsilçisi Riçard Qadzeyə yenə anlaşma təklif etməyib. "Zirə" ilə hələ bir il də müqaviləsi qüvvədə olan Jozef Bumla bağlı durum isə fərqlidi. Belə ki, mərkəz müdafiəçisi Ayxan Abbasovun rəhbərlik etdiyi komandaya qayıtmaq fikrində deyil. O, bunu ailə problemləri ilə əlaqələndirib. Qəsəbə təmsilçisi isə Bumun müqaviləsinə qarşılıqlı şəkildə bir şərtlə xitam vermək niyyətindədi ki, təzminat alsın. Jozefə gəlincə, o heç bir təzminat ödəmək fikrində deyil, təyin olunan vaxtda "qartallar"ın məşqinə qoşulmayıb və deyilənə görə, başqa bir klubla danışıqlara başlayıb.
"Zirə" bu durumda FİFA-ya şikayət etmək fikrindədi. Klubun mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadədən aldığımız bilgiyə görə, vəziyyət belə davam edərsə və futbolçu komandanın düşərgəsinə qoşulmazsa, qəsəbə təmsilçisi yaxın günlərdə ali futbol qurumuna Jozeflə bağlı rəsmi müraciət ünvanlayacaq.
FARİZ