Zubir: “Bu komandayla titullar, avrokuboklarda uğur qazanmaq üçün gəlmişəm”
Avrokuboklara fərqli ölkələrdə hazırlaşan təmsilçilərimizin məqsədi eynidi: havası münbit olan ölkələrdə daha yaxşı məşqlər keçmək və ən vacibi yoldaşlıq görüşləri keçirib, nöqsanları görmək. İnamlı çıxışına daha çox ümid bəslədiyimiz “Qarabağ” Avstriya toplanışında “Ludoqorets” (1:1), ardınca “Vakker İnsburk” (0:0) ilə keçirdiyi sınaq matçlarında qələbəyə həsrət qaldı. Növbəti qarşılaşma isə bu gün baş tutacaq. Start fiti Bakı vaxtı ilə saat 20.30-da çalınacaq oyunda “köhlən atlar”ın rəqibi Suriya millisidi. Yeni transfer Abdulla Zubirin məlum matçda meydana çıxmaq ehtimalı yüksəkdi. Belə deyək, azarkeşlər monitor qarşısında olsa belə, texnikalı və sürətli vingeri iş başında izləyəcək.
Zubir demişkən, “Qarabağ”ın “17 nömrə”si klubun “feysbuk” səhifəsinə açıqlama verərək, ürək sözlərini dilə gətirib: “Azərbaycanın ən böyük klubuna gəldiyim üçün xoşbəxtəm. Hansı kluba gəldiyimin fərqindəyəm. “Qarabağ” son illər ardıcıl çempionluqlar qazanıb. Hədəfim yeni komandamda yeni mükafatlar əldə etməkdi. Məndən gözləntilərin çox olduğunu bilirəm. Bu da məsuliyyətimi daha da artırır. Bilirəm ki, “Qarabağ” baxımlı futbol oynamağı çox sevir. Mən də öz növbəmdə azarkeşlərimizi sevindirmək üçün əlimdən gələnin ən yaxşısını edəcəm. Bu komandayla titullar, avrokuboklarda uğur qazanmaq üçün gəlmişəm”.
Sonda onu da qeyd edək ki, İbrahim Şehiçlə Anton Kanibolotskinin gedişindən sonra ağdamlılar legioner qapıçı axtarışını bir az da gücləndirib. Hazırda bir neçə namizəd olsa da, onların arasında seçim aparılır. Adını və ölkəsini dəqiqləşdirə bilməsək də, öyrənə bildik ki, çərşənbə gününə qədər “Qarabağ” yeni qapıçı ilə müqavilə bağlayacaq. Artıq kiçik detalların müzakirəsi və yekun qərar qalıb.
“Qarabağ”ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi “Olimpiya” növbəti transferini reallaşdırıb. Lyublyana təmsilçisi eyniadlı şəhərin komandası “Brava”dan 18 yaşlı Haris Kadriçin keçidini həll edib. Gənc hücumçu ilə 3 illik anlaşma əldə edilib.
“Olimpiya” bundan öncə Marko Putintsa və Andriya Kaludjeroviçin keçidini həll etmişdi.
HƏBİB