Hamısı son günə qədər gözləyəcək
Avrokuboklarda ölkəmizi təmsil edəcək komandalar - "Qarabağ", "Qəbələ", "Neftçi" və "Keşlə" hazırlığa iki həftəyə yaxındı başlayıb. Bu gün ilk matçına çıxacaq Yuri Maksimovun rəhbərlik etdiyi sabiq “bankirlər” istisna olmaqla, o birilər bir neçə yoxlama oyununda qüvvəsini sınayıblar. Ancaq heç də hamısı transfer çalışmalarını tamamlamayıb. Halbuki iştirak ərizələrinin UEFA-ya təqdim olunmasına çox qalmayıb. Çempionlar Liqası və Avropa Liqasında çıxış edən klublar üçün son gün müəyyənləşib. "Qarabağ" iştirak ərizəsini iyulun 5-də, "Neftçi", "Keşlə" və "Qəbələ" isə 6-da qitənin ali futbol qurumuna göndərməlidi.
Dünən adı çəkilən avrokubok təmsilçilərimizin düşərgəsi ilə əlaqə saxladıq. Konkret "Qarabağ"la "Keşlə"nin mətbuat xidmətinin rəhbərləri Nurlan İbrahimov və Səbuhi Məmmədov, "Neftçi"ylə "Qəbələ"nin isə menecerləri Qədir Həsənov və Səbuhi Səfiyarlıdan durumu öyrənməyə çalışdıq. Hamısı bir nəfər kimi iştirak ərizələrinin, demək olar ki, hazır olduğunu, ancaq baş məşqçinin istəyinə əsasən əlavələr edilə biləcəyini, bu üzdən son günə qədər gözləyəcəklərini bildirdilər. Onu da qeyd edək ki, ilkin iştirak ərizəsi təqdim olunduqdan sonra da siyahıya daha bir futbolçunun adını əlavə etmək mümkündü. Belə ki, UEFA ilk oyuna 24 saat qalmışa qədər bir futbolçunu da sifariş etməyə imkan verir.
MİRAĞA