Futzal millimizin və “Araz”ın üzvü Eduardo Borges karyerası ilə bağlı yeni qərar verib. “Feysbuk” hesabında paylaşım edən futzalçı qarşıdakı mövsümü Fransa çempionatında keçirəcəyini açıqlayıb. Belə ki, mayda “Araz”la müqaviləsinin müddəti bitən müdafiəçi Fransanın “Acces Futsal” klubu ilə anlaşıb. Yeri gəlmişkən, braziliyalı Çempionlar Liqasında iştirak edə bilməyəcək. Fransanı qitə turnirində “Acces Futsal” yox, “Kremlin-Bicetre United” təmsil edəcək.
Qeyd edək ki, Eduardo 2013-cü ildən millinin formasını geyir. O, üç dəfə Avropa, bir dəfə isə dünya çempionatının final mərhələsində yığmanın uğurları üçün tər töküb.
Eduardodan əvvəl Qallo “Araz”dan ayrılaraq, İspaniya “Levante”sinə üz tutmuşdu. Bundan başqa, Tyaqo da “Sibiryak”ın maraq dairəsindədi. Qallo ilə Eduardodan fərqli, “Araz”ın və Futzal Federasiyasının prezidenti Zaur Axundov “stolba”nı ruslara güzəştə getmək istəmir. Komandanın əsas “vuran ayağ”ı gedərsə, bu, ÇL-ə hazırlaşan Naxçıvan təmsilçisinə ciddi zərbə vurar.