
Kanibolotski də getdi
Prosineçki ilə Qurbanov eyni süfrə arxasında əyləşdi
Hazırda Avstriyada təlim-məşq toplanışından olan “Qarabağ” vaxtilə ölkəmizdə çalışmış, top qovmuş əcnəbilərin diqqət mərkəzindədi. Mövsüm başa çatandan sonra karyerasını başqa ölkədə davam etdirməyə qərar verən İbrahim Şehiçin sabiq komanda yoldaşlarını ziyarət etdiyini xəbər vermişdik. Növbəti belə qonaq isə daha ünlü isim olub. Ötən ilin sonlarına qədər yığmamızı çalışdırmış, futbolçu kimi “Real”la “Barselona”nın şərəfini qorumuş Robert Prosineçki. Hazırda Bosniya və Hersoqovinanın “sükanı arxasında” olan Prosineçki “Qarabağ”ı ziyarət edərkən yığmada rəhbərliyi altında çıxış edən Şehiç də orda olub. Çay süfrəsi arxasında keçən görüşdə məşqçilər heyəti ilə yanaşı, futbolçular – Rəşad Sadıqov, Qara Qarayev və Bədavi Hüseynov da iştirak edib. Maraqlı məqam Qurban Qurbanovla Robert Prosineçkinin üz-üzə əyləşməsidi. Biri millinin sabiq, digəri hazırkı çalışdırıcısı. Öz aramızdı, belə hallara futbolda nadir hallarda rast gəlinir.
Riçard Almeyda, İbrahim Şehiç, Pedro Enrike kimi əcnəbilərin ardından daha bir legioner “Qarabağ”dan ayrılıb. Bu, ukraynalı qapıçı Anton Kanibolotskidi. Ağdam təmsilçisinin sıralarında olduğu müddətdə Şehiçin “kölgəsində yatan”, şans qazandığı oyunlarda ümidləri doğrultmayan Antonun Qurban Qurbanovun “qara siyahı”sında olduğu gün kimi aydın idi. Sadəcə, qapıçının klubla müqaviləsi olduğundan, tərəflər erkən qərar verməkdə çətinlik çəkirdi. “Köhlən atlar”ın hələ Bakıdakı toplanışında Qurbanova Kanibolotskinin hansı səbəbdən düşərgədə olmaması ilə bağlı sual ünvanlasam da, baş məşqçi həm onun, həm də Şahruddin Məhəmmədəliyevin iyunun 18-nə qədər icazəli olduqlarını demişdi. O vaxtdan xeyli zaman keçsə də, Anton komandanın məşqlərinə qatılmadı. Belədə “Qarabağ” Avstriyadakı təlim-məşq toplanışında Şahruddinlə Nicat Mehbalıyevin ümidinə qalıb. Dünən günorta saatlarında klub saytı ukraynalı qolkiperlə qarşılıqlı razılıq əsasında yolların ayrılmasına dair xəbər paylaşıb. Klub adından ona gələcək karyerasında uğurlar arzulanıb.
Bu isə o deməkdi ki, ağdamlıların işi get-gedə çətinləşir. İbrahim Şehiç, ardınca Anton Kanibolotski kimi əcnəbi qapıçılarla yolları ayıran son 5 ilin çempionu qısa zaman ərzində “çərçivə”də yaranmış boşluğu aradan qaldırmalıdı. Azı bir qapıçının alınması şərtdi. Lakin hələ ki bu yöndə heç bir yenilik yoxdu.
Bildiyiniz kimi, Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində iyulun 11-də “Qarabağ” Lyublyanada “Olimpiya”nın qonağı olacaq. Bunu nəzərə alan yerli klubun rəhbərliyi matça iki həftə qalmış biletlərin satışa çıxarılmasına qərar verib. Biletlərə sahib olmaq istəyənlər arzusuna onlayn şəkildə, həmçinin klubun fan-şopunda pul xərcləməklə çata bilər. Adi biletlərin qiyməti 8 avrodu, yəni 16 manat. Oyun günü isə qiymət 10 avro (20 manat) olacaq.
HƏBİB