“Kimyaçılar”ı “Macron” geyindirəcək
Mövsümlərarası fasilədə heyətinə xeyli futbolçu cəlb edən, yeni baş məşqçi ilə anlaşan “Sumqayıt” dünəndən məşqlərə başlayıb. “Kimyaçılar” Nazim Süleymanovun rəhbərliyi altında iki gün dəniz kənarında qaçmaqla yanaşı, fiziki çalışmaları yerinə yetirəcək. Bu haqda bilgini klubun mətbuat katibi Rəşad Məmmədovdan aldıq. Rəşad bəy onu da bildirdi ki, dünən həmçinin əvəzedici heyətin məşqçilər korpusu da müəyyənləşib. Ötən il olduğu kimi “ikincilər”i Elbrus Məmmədov çalışdıracaq. Onunla birillik müqavilə imzalanıb.
Sonda “Sumqayıt”la bağlı daha bir xəbəri diqqətinizə çatdıraq. Belə ki, etibarlı mənbədən əldə etdiyimiz bilgiyə görə, ötən mövsüm “Joma” firmasının istehsal etdiyi geyim dəstinə üstünlük verən “ağ-göylər” 2018/19 mövsümündə başqa şirkətin formaları ilə meydana çıxacaq. Mənbəmizin sözlərinə inansaq, sumqayıtlılar “Macron”la əməkdaşlıq edəcək. Xatırladaq ki, əsası 1971-ci ildə qoyulan İtaliya şirkəti 2018/19 mövsümündə “Trabzonspor”, “Notingem Forest”, “Bolton”, “Deportivo”, “Stok Siti”, “Brügge”, “Srvena Zvezda” kimi klubları geyim dəsti ilə təmin edəcək. Onlardan başqa Lüksemburq, San-Marino yığmaları da adını çəkdiyimiz şirkətin formaları ilə meydana çıxır.
RƏŞAD