Ölkəmizi ÇL-də təmsil edəcək "Araz" heyətini qorumaq yolunda fəaliyyətə başlayıb. Bir neçə gün əvvəl Naxçıvan təmsilçisində iki futzalçının - Ramiz Çovdarovla Xətai Bağırovun heyətdən ayrılması haqda xəbərlər yayılmışdı. İkincinin legioner həyatı yaşamağa yaxın olduğu deyilirdi. Düzdü, “Araz”ın idman direktoru Marat Salyanski qəzetimizə açıqlamasında xəbəri təkzib etmişdi: “Doğru məlumat deyil. Hələ bilinmir, kim gedir, kim qalır? Hazırda müqavilə müddəti bitən oyunçularla danışıqlar gedir. Yaxın günlərdə məsələyə aydınlıq gələcək. Alesio isə gələn ay Bakıya qayıdacaq. O bizə Xətai və Ramizi istəməməsi ilə bağlı nəsə deməyib”.
Ancaq Xətainin ölkə xaricindən təklif aldığını dəqiqləşdirmişdik. Təcrübəli futzalçı bizimlə söhbətdə özü bunu təsdiqləmişdi: “Qazaxıstandan və Polşadan təkliflər gəlib. Orta asiyalıların təklifi daha konkretdi. “Aktobe” və “İnta” xidmətimdə maraqlıdı. Polşa təmsilçisi “Şlask” da məni istəyir. Ancaq dediyim kimi, qazaxlar, bir qədər də dəqiqləşdirsəm, “İnta” israrla transferimə çalışır. Aktau komandasıdı, növbəti mövsüm yüksək liqada oynamağı hədəfləyiblər. Bir həftə vaxt istəmişəm”.
Vədə tamam olduğundan yenidən Xətaini aradıq və məlum oldu ki...: “Araz”da qalmağa qərar verdim. “İnta”da durum qeyri-müəyyəndi. Belə görürəm ki, onlar yüksək liqada oynamaq istəmirlər. Belədə elə “Araz”da qalaram da. ÇL-də çıxış edəcək, evin içidi. Qazaxıstan komandası iddiasını böyütsəydi, gedəcəkdim. “Araz”dan zəng vurmuşdular, qalmağa, müqavilənin müddətini uzatmağa razılıq verdim. Yaxın günlərdə rəhbərliklə görüşümüz olmalıdı. Texniki məsələlər də yoluna qoyulandan sonra müqaviləyə imza atacam”.
Xatırladaq ki, Xətai Bağırov mayda “İnta”nın düşərgəsində olmuş, bu komanda ilə “Olimp” bukmeker kontorunun təşkil etdiyi ənənəvi turnirdə iştirak etmiş və qalib gəlmişdi. Ötən ay Ramiz Çovdarov, Emin Kürdov, Seymur Məmmədov və Fərid Ələkbərovla birgə Aktauda təşkil olunan turnirə qatılan və 13 iştirakçının mübarizə apardığı yarışda 1-ci yeri tutaraq 3000 dollar mükafata sahib çıxmışdı. Məhz həmin turnirdəki çıxışından sonra Qazaxıstan klubu Bağırova “elçi düşmüş”, rəsmi təklif göndərmişdi.
Ramiz Çovdarovun məsələsi isə hələ açıq qalır. Hazırda Ukraynada dincələn milli üzvünün “Araz”da qalıb-qalmayacağı yaxın bir neçə gün ərzində dəqiqləşəcək.
MİRAĞA