Qəzetimizin ötən saylarından birində futzalda köklü dəyişikliklər olacağını, federasiya prezidenti Zaur Axundov yaxın ətrafında islahat aparmağa hazırlaşdığını xəbər vermişdik. Konkret Axundovun AFFA-nın baş katibi Elxan Məmmədovun xeyir-duasıyla “sağ əli”, federasiyanın baş katibi Mahmud Sadıqovu postundan uzaqlaşdırmağa hazırlaşdığı deyilir. Onun yerinə Lisenziyalaşdırma Qrupunun üzvü Zaur Hacı-Məhərrəmovun təyin olunacağı bildirilir. Ancaq etibarlı mənbədən əldə etdiyimiz yeni bilgiyə görə, AFFA-nın adamı futzala baş katib yox, əlaqələndirici kimi gələcək. Təyinatlar iyulun ortalarında gerçəkləşməlidi.
Yeri gəlmişkən, Zaur Hacı-Məhərrəmov futzala yad sima deyil. Gənc kadr vaxtilə bu idman növü ilə məşğul olub. Konkret Zaur bəy hazırda ikinci liqada yarışan “Obolon”un sələfi NTD-də top qovub. O hətta 2010-cu ildə bu komanda ilə çempionluq sevinci yaşayıb. Sonradan belində yaranan ağrılar səbəbindən karyerasını başa vurub. Ancaq bu günə qədər də “Obolon” rəhbərliyi ilə yaxşı münasibətlərə malikdi.
Qeyd edək ki, uzun illər Axundova sədaqətlə xidmət edən Mahmud Sadıqovdan son vaxtlar şikayətlərin sayı artmışdı. Son mövsümdə futzal üzrə ölkə çempionatlarının təşkilindəki çatışmamazlıqlar pik həddə çatmışdı. Yol verilən xətalar, çempionatın təşkilindəki qüsurlar narazıların əlinə əsas vermişdi. Xüsusilə lisenziyalaşdırma qaydalarının pozulması, iştirak ərizəsinin formal xarakter daşıması klubları şikayətçi etmişdi. Sadıqovu qəzəbə tuş gətirən, Axundovun “səbr kasasını daşıran” son damla isə birinci dəstədə reqlament dəyişikliyi oldu. Çempionatın əvvəlində elan olunan reqlamentə görə, qalib pley-off mərhələsi ilə müəyyənləşməliydi. Ancaq əsas mərhələ başa çatar-çatmaz elan olundu ki, “Hell Energy” qalibdi. “Sürpriz”dən bir neçə klub narazı qaldı ki, AFFA-nın baş katibinə yaxınlığı ilə tanınan, çempionatı 2-ci pillədə başa vuran “Baku Fayr” rəhbərliyinin şikayəti Elxan Məmmədov - Zaur Axundov ikilisini sərt addım atmağa vadar edib. Fakt budu ki, Axundov Mahmud Sadıqovu bütün işlərdən uzaqlaşdırıb.
MİRAĞA