“Zirə” mövsüm başa çatandan sonra legionerlərin əksəriyyəti ilə yolları ayırdı. Yalnız Aleksandr Dedovla Sadio Tounkaranın növbəti mövsümdə də qəsəbə təmsilçisinin uğurları üçün tər tökəcəyi dəqiqdi. Müqaviləsinin müddəti bitən Riçard Qadze və hələ “qartallar”la birillik anlaşması qalan Jozef Bum da qayıtmaq istəmir. Bu futbolçularla bağlı qarşıdakı günlərdə qərar veriləcək. Özü də “Zirə” tərəfi Qadzeyə yeni müqavilə təklif etməyib. Buma gəlincə, başqa kluba keçsə, qəsəbə təmsilçisinə təzminat ödənməlidi. Ayxan Abbasovun komandası iyunun 23-dən məşqlərə start versə də, ilk günlərdə düşərgədə yalnız yerlilər idi. Dünən isə Sadio ilə Dedov Bakıya təşrif buyurub. Bu gün hər iki futbolçu komandanın məşqlərinə qoşulacaq.
Yeri gəlmişkən, “qartallar”ın ev oyunlarını keçirdiyi Zirə İdman Kompleksinin stadionunda təmir işləri davam edir. Artıq süni meydan tam sökülüb. İyulun 1-dən etibarən təbii meydanın salınması üçün işlərə start veriləcək.