Ağır Atletika Federasiyası (AAAF) hər nə qədər dopinqə qarşı mübarizə apardığını desə də, yasaq preparatdan yaxa qurtarmaq mümkün olmur. Bir neçə ay əvvəl gənc atlet İsa Rüstəmov orqanizmində aşkarlanan “boldenon” maddəsinə görə 4 illiyə cəzalanmışdı. Yığma üzvü 2021-ci ilin noyabrın 24-dək heç bir yarışda iştirak edə bilməyəcək. Bundan sonra bir müddət sakitlik oldu. Hətta Beynəlxalq Ağır Atletika Federasiyası (İWF) dopinqə qarşı aparılan mübarizəyə görə AAAF-ın 1 illik cəzasını vaxtından əvvəl aradan qaldırdı. Bu isə payızda Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək yeniyetmələrin Olimpiya Oyunlarına qızların yarışından da lisenziya əldə etməyə imkan verdi. Ancaq ali qurumun saytında yayılan bir xəbər əhvalımızı korladı. Belə ki, Hüseyn İsmayılovun orqanizmində yasaq preparat aşkarlanıb. 19 yaşlı atletdən martda götürülən dopinq-test müsbət nəticə verib. Onda istifadəsi qadağan olunmuş testosteron maddəsi aşkarlanıb.
Ancaq Hüseynlə bağlı yekun qərar verilməyib. İsmayılovun antidopinq qaydalarının pozuntusuna yol verib-vermədiyi sübuta yetirildikdən sonra müvafiq qərar açıqlanacaq. İWF iş yekunlaşana qədər heç bir açıqlama verməyəcəyini də bəyan edib. AAAF da məsələyə qısaca belə şərh verib: "Bizə bu haqda ali qurumdan məlumat daxil olub. Hazırda federasiya olaraq, məsələni araşdırırıq. Hüseyn İsmayılovun dopinqlə bağlı cəza alıb-almayacağı hələ dəqiq deyil. İş rəsmi həllini tapandan sonra geniş açıqlama veriləcək".
Qeyd edək ki, İsmayılov ötən il Albaniyanın Dürres şəhərində yaşı 20 və 23-dək olan gənclər arasında Avropa çempionatında 94 kq-da bürünc medal qazanıb.
İWF qərarını dəyişməsə və idmançı cəzalansa, yenidən ölkəmizin adının “qara siyahı”ya düşmək ehtimalı istisna olunmur. Göründüyü kimi, dopinqlə mübarizə hər nə qədər sərtləşdirilsə də, belə hadisələrdən qaçmaq mümkün deyil...
Ağr atletikadan söz düşmüşkən, iyulun 7-dən 15-dək ölkənin bütün bölgələrini əhatə edən respublika yarışlarının 3-cü seçmə mərhələsi keçiriləcək. Məqsəd regionlarda atletlərin hazırlığının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsi, ağır atletikanın şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsidi. Yarışlar Xırdalan, Lənkəran və Samux şəhərlərində keçiriləcək. Xırdalanda iyulun 7-8-də Sumqayıt, Xırdalan, Qobustan, Şamaxı, İsmayıllı və Bakıdan (bütün idman cəmiyyətləri) olan atletlər mübarizəyə qoşulacaq. İyulun 11-12-də Lənkəranda Cəlilabad, Neftçala, Lənkəran, Lerik və Astaranı, iyulun 14-15-də isə Samuxda Goranboy, Gəncə, Samux, Qazax, Yevlax, Şəki və Qaxı təmsil edən atletlər “körpücük” üzərinə çıxacaq. Yarış şəxsi xarakter daşıyır və iştiraka yalnız texniki cəhətdən hazırlıqlı, yaşı ən azı 12 olan idmançılar buraxılacaq. Mərhələ yarışlarında 2006, 2005, 2004, 2003, 2002, 2001, 2000 və daha böyük təvəllüdlü kişilər və qadınlar, müvafiq yaş qruplarında mübarizə aparacaqlar, qaliblər Sinkleyr cədvəli üzrə müəyyənləşəcək. Xatırladaq ki, mərhələ yarışları ildə dörd dəfə keçirilir.