İkisi getdi, ikisi də qışda gedəcək
Hakim-inspektorlar Komitəsi mövsümün yekunları ilə bağlı iyunun 3-də iclas keçirib. Ancaq həmin vaxtdan komitə sədri Əli Hüseynovu tapa bilmirdik, “o, atlı olmuşdu, biz piyada”. Nəhayət, dünən əlaqə yaratmaq mümkün oldu və öyrəndik ki, sən demə, o, iki həftədən çoxdu məzuniyyətdəymiş. Məzuniyyətini isə ölkədən kənarda – adəti üzrə Ukraynada keçirib. Əli müəllim Lvovdan yenicə qayıdıb və hazırda iş başındadı. İyulun ortalarına kimi Bakıda olacaq və daha sonra çox güman, Bolqarıstana - hakimlərin toplanışına yollanacaq.
Komitə sədrindən mövsümün yekunlarına həsr olunmuş iclasla bağlı fikirlərini öyrəndik. Söhbət əsnasında inspektor və nümayəndələrdən bir neçəsinin ilin sonunda işdən uzaqlaşdırılacağını dedi, adlarını da açıqladı: “İclasımız iyunun 3-də olub. Bundan əvvəl futzal inspektorlarının, ardından divizion inspektor və nümayəndələrinin işini təhlil etmiş, yol verilən qüsurları diqqətə çatdırmış, tövsiyələrimizi vermişdik. Premyer-liqa ilə bağlı müzakirə, yekun iclas daha səmərəli keçdi. Bütün məsələlərə toxunduq. Çalışacağıq ki, növbəti mövsümdə eyni səhvlər təkrarlanmasın. İyulda və ya hakimlərin toplanışından qayıdandan sonra seminar təşkil olunacaq, həmçinin imtahan keçiriləcək. Seminarda imtahandan keçən inspektor və nümayəndələrə yeni qaydalar, tövsiyələr təqdim olunacaq.
2019-cu il başlayanda sıralarımızı iki AFFA nümayəndəsi tərk edəcək. Rauf Hüseynli və Ramiz Abdullayevin 70 yaşı tamam olur. Düzdü, Ramiz müəllimin ad günü martın 8-dədi. Yəqin ki, ilin əvvəlində o və Rauf Hüseynli təqaüd üçün AFFA-ya müraciət edəcəklər. Ola bilsin, ad günündə və ya o ərəfədə Abdullayevə bir vida təyinatıtı verək. Sıralarımızı daha iki nəfər də tərk edib. Zamiq Hüseynov “Sumqayıt”a keçəndən sonra avtomatik nümayəndəlikdən uzaqlaşdırdıq. Çünki klubda işləyən şəxs komitədə çalışa bilməz. Bundan başqa, Elçin Məmmədov artıq komitədə fəaliyyət göstərmir. O, ümumiyyətlə, Azərbaycanı tərk edib və xaricdə yaşayır. UEFA-dan Məmmədova iş təklifi gəlmişdi, o da dəyərləndirdi. Elçin müəllim qitə futbol qurumunda stadionlarla bağlı texniki işlərə baxır. Əvvəllər sırf nümayəndə kimi oyunlara dəvət alırdı, artıq UEFA-da vəzifədə çalışacaq. Onun bizdən ayrılması üzücü olsa da, bir tərəfdən də qürurvericidi. Elçin bəyə görə sevinirik. Bundan sonra da sıralarımızda onun kimi mədəni, bacarıqlı kadrların olmasını istərdik”.
MİRAĞA