Ötən sayımızda Ruiyanın “MATÇ TV” kanalına istinadla “Zenit-2”nin futbolçusu Aleksey İsayevin “Qəbələ”nin Sloveniyadakı toplanışına qoşulduğunu xəbər vermişdik. Ancaq bu xəbər yalan çıxdı. Daha doğrusu, rus həmkarlarımız klubları səhv salıblar. İsayev Azərbaycanda başqa klubun – “Sumqayıt”ın düşərgəsinə qoşulub. “Gənclik şəhəri” təmsilçisi Aleksey İsayevlə anlaşıb.
Son mövsümü Krasnoyarsk “Yenisey”ində keçirən “Zenit -2”nin üzvü “kimyaçılar”la 2 illik müqaviləyə imza atıb. O, yeni komandasında “23” nömrəli formanı geyəcək.
Qeyd edək ki, “Yenisey”in yetirməsi olan Aleksey İsayev 2014-cü ildə Krasnoyarsk təmsilçisinin əsas heyətinə yüksəlib. 2016-cı ilə qədər “Yenisey”in şərəfini qoruyan yarımmüdafiəçi 35 oyunda 3 qola imza atıb. 2016-cı ildə “Zenit”ə transfer olunan futbolçu komandanın əvəzedici heyətində 24 matçda forma geyib. Son mövsümü isə icarə əsasında yetirməsi olduğu “Yenisey”də keçirən İsayev 26 qarşılaşmada 3 qol vurub və komandası ilə birlikdə Rusiya premyer-liqasına yüksəlib. Rusiya mətbuatında yazılanlara inasaq, birinci dəstədə çıxış edən “SKA-Xabarovsk” da İsyevin xidmətində maraqlı olub. Ancaq Aleksey “Sumqayıt”da oynamağa üstünlük verib.
RƏŞAD