Sizin reklam burada

Yunis Hüseynovu Vidadi Rzayev əvəzləyəcək

Title
Yunis Hüseynovu Vidadi Rzayev əvəzləyəcək
“Böyük ehtimalla “Kəpəz” növbəti mövsüm birinci dəstədə çıxış edəcək”
Ötən mövsüm premyer-liqada sonuncu olduğuna görə elita ilə vidalaşan "Kəpəz" artıq yeni mövsümün planlarını qurmağa başlayıb. Etibarlı mənbədən əldə etdiyimiz görə, birinci divizionda iştirak edəcəyi gözlənilən Gəncə təmsilçisinin artıq yeni baş məşqçisi müəyyənləşib. “Sarı-göylər” aşağı dəstədə Vidadi Rzayevin rəhbərliyi altında çıxış edəcək. Gəncə futbolunun yetirməsi olan Rzayev buna qədər də "Kəpəz"də çalışıb. O, Yunis Hüseynovla Şahin Diniyevin məşqçilər korpusunda yer alıb. Eyni zamanda, komanda aşağı dəstədə mübarizə apararkən baş məşqçi postunu tutub. Bütün bunları nəzərə alan klub rəhbərliyi "Kəpəz"i ona həvalə etməyi lazım bilib. Yaxın günlərdə Vidadi bəyin təyinatının rəsmən açıqlanacağı gözlənilir.
Söylənilənlərlə bağlı Rzayevlə danışmağı lazım bildik. Bizi diqqətlə dinləyən “Vidoş” söylənilənlərə belə reaksiya verdi: “Hazırda istirahət edirəm. Vaxtımın çox hissəsini dünya çempionatının oyunlarını izləməyə sərf edirəm. “Kəpəz”in baş məşqçisi olacağıma gəlincə, hələ ki bu haqda heç nə bəlli deyil. Çempionat başa çatdıqdan sonra klub rəhbərliyi ilə görüş olmayıb. Böyük ehtimalla “Kəpəz” növbəti mövsüm birinci dəstədə çıxış edəcək. Ancaq komandanı kimin çalışdıracağı hələ ki bəlli deyil. Mənə də bu haqda heç bir söz deyilməyib. Yunis Hüseynovun “Kəpəz”də qalıb-qalmayacağı da bilinmir”.
RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.