Abdulla Məmmədov: “Meydanın indiki durumu 10-12 günlük məşq prosesi üçün əlverişlidi”
“Sumqayıt"ın yay hazırlıq planı haqda ötən saylarımızın birində xəbər vermişdik. Qısaca bir daha xatırladaq ki, komanda üzvləri iyunun 27-də bir araya gələrək tibbi baxışdan keçəcək. Ardınca komanda iki gün dəniz kənarında fiziki hazırlıq üzrə məşqlərə qatılacaq. İyunun 30-da isə “kimyaçılar” təlim-məşq toplanışına yığışacaq. “Gənclik şəhəri”nin təmsilçisi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) məşq meydanında hazırlaşacaq.
“Sumqayıt”ın ev oyunlarını keçirdiyi “Kapital Bank Arena” ot örtüyünün dəyişdirilməsi səbəbindən təmirə bağlandığından “kimyaçılar”ın başqa məkana üz tutması başadüşüləndi. Ancaq niyə məhz Bakı? “Kapital Bank Arena”dan təxminən 50 metr aralıda, təbii örtüyə malik Mehdi Hüseynzadə adına stadion ola-ola, klub rəhbərliyinin bu addımı şəhərin futbol ictimaiyyəti arasında heç də birmənalı qarşılanmır. Bəlkə adını çəkdiyimiz arenanın durumu bərbaddı və bu üzdən klub rəhbərliyi məşq üçün ADBTİA-nı seçib?
“Mehdi Hüseynzadə”nin direktor müavini Abdulla Məmmədov bizimlə söhbətdə vəziyyətin o qədər də acınacaqlı olmadığını bildirdi: “Mən nə deyə bilərəm? Klub rəhbərliyi, baş məşqçi özü ot örtüyünə baxıb qərar verməlidi. Mən nə qədər də desəm ki, ot örtüyü normal vəziyyətdədi, son qərar qarşı tərəfə məxsusdu. Mənim fikrim belədi ki, 100 faiz hər şey ideal olmasa da, meydanın indiki durumu 10-12 günlük məşq prosesi üçün əlverişlidi”.
Stadion rəsmisinin sözündən belə başa düşmək olar ki, “Mehdi Hüseynzadə” hazırlığın birinci mərhələsi üçün yararlıdı. Sadəcə, “Sumqayıt”ın yeni rəhbərliyi hansısa səbəbdən komandanın Bakıda hazırlaşmasını istəyir. Ola bilsin, rəhbərlik özünə əziyyət verməmək, hər gün paytaxtdan Sumqayıta gəlib məşqləri izləməmək üçün bu addımı atıb. Necə deyərlər, Məhəmməd dağa tərəf getmirsə, dağ Məhəmmədə tərəf gəlir. Bu gedişlə “Sumqayıt” da “Qəbələ”, elitanı tərk etmiş “Kəpəz” kimi paytaxtda məskunlaşacaq və “gənclik şəhəri”nin təmsilçisinin azarkeşləri sevimli komandalarını ancaq televizorda görə biləcəklər. Bu isə tədricən fanatların komandadan soyumasına, tribunaların boş qalmasına aparıb çıxaracaq. Nə bilmək olar, bəlkə də rəhbərlik məhz bunu istəyir? Onu da qeyd edək ki, Abdulla Məmmədov eyni zamanda “Sumqayıt”ın Müşahidə Şurasının sədridi. Şura sədri komandanın doğma şəhərdə hazırlıq keçməsini təmin edə bilmirsə, deməli, bəzi klublarda yaradılan Müşahidə Şurası həqiqətən də formal olaraq fəaliyyət göstərir.
Sonda onu da bildirək ki, komandanın baş məşqçisi Nazim Süleymanovun daha bir köməkçisi müəyyənləşib. Klubun rəsmi saytında yer alan xəbərə görə, qapıçılar üzrə məşqçi Emil Babayevin ardından Samir Ələkbərov da “ağ-göylər”in məşqçilər korpusunda yer alacaq. 2004-05-ci illərdə "Neftçi", 2006-08-də isə “Xəzər Lənkəran”da köməkçi məşqçi olmuş Ələkbərovun sonuncu iş yeri 21 yaşadək futbolçulardan ibarət yığmamız olub.
Bu arada "Kapital Bank" ASC, "Paşa Həyat Sığorta" ASC-nin sponsorluğu, Təhsil Nazirliyi, Sumqayıt Şəhər Təhsil Şöbəsi, "Azərikimya" İB-nin dəstəyi və "Sumqayıt" klubunun təşkilatçılığı ilə Sumqayıt məktəbliləri üçün "Yay Futbol Düşərgəsi" layihəsində 2-ci mərhələyə start verilib. Bu mərhələdə 32 məktəbli iştirak edir. Qeyd edək ki, üç gün davam edəcək mərhələyə iyunun 27-da yekun vurulacaq.
Ümumilikdə 48 məktəbdən 100-dən artıq məktəblinin qatıldığı "Yay Futbol Düşərgəsi" layihəsi 2014-cü ildən "Kapital Bank" və "Paşa Həyat Sığorta"nın sponsorluğu ilə keçirilir və bu müddət ərzində 400-dən çox məktəbli bu seminarın iştirakçısı olub.
RƏŞAD