Baş məşqçi oyun praktikasının azlığından narahatdı
İyulun 3-dən 11-dək San Marinonun Serravalle şəhərində 16 yaşadək basketbolçular arasında Avropa çempionatının C divizionunun oyunları keçiriləcək. Müvafiq yığmamız A qrupunda təşkilatçı ölkənin komandasıyla yanaşı, Moldova, Avstriya və Albaniya ilə münasibətləri aydınlaşdıracaq. B qrupunda isə Şotlandiya, Malta, Cəbəllütariq, Andorra və Uels yer alıb. Reqlamentə əsasən ilk iki yeri tutanlar yarımfinala yüksələcək. Finalçılar gələn il B divizionunda mübarizə aparmaq şansı əldə edəcək.
Millimizin yarışa hazırlığı, komandanın son durumu və yarışdakı hədəflə bağlı məlumat əldə etmək üçün baş məşqçi Elşən Yusubovla danışdıq: “Açığı, ötən mövsüm daha yaxşı hazırlıq keçmişdik. Xatırlayırsızsa, Tiflisdə Gürcüstan çempionatında müsabiqədənkənar oyunlara çıxmışdıq. Bu dəfə hazırlığımız belə sıx qrafiklə baş tutmayıb. Düzdü, İranın Sarab şəhərində və Özbəkistanın paytaxtı Daşkənddə mini-turnirlərə qatılmışıq. Ancaq ötən mövsümlə müqayisədə oyun praktikasının azlığından əziyyət çəkirik. Nə etmək olar? Bu vəziyyətlə barışmalıyıq. Məşqlərimizi Texniki Universitetin basketbol zalında keçirik. Qrupda rəqabət güclü olacaq. Ötən il bu yarış Andorrada keçirilmişdi və meydan sahibləri ilə eyni qrupda yer almışdıq. Bu dəfə də təşkilatçı ölkəylə eyni qrupdayıq. Ancaq San Marino və Moldovanı o qədər də güclü rəqib saymıram. Mənim üçün Albaniya və Avstriya daha maraqlı gəlir. Ümumiyyətlə, qərbi avropalılar bizim üçün “sirli qutu” sayılır. Ötən il B divizionunda çıxış ediblər. Bu yaş qrupunda hər il heyətlər əsaslı şəkildə dəyişdiyindən kimin hansı gücdə olduğunu öncədən müəyyənləşdirmək çətindi. Üstəlik, internet və başqa qaynaqlardan rəqiblərin oyunlarının görüntülərini əldə etmək də mümkün deyil. Fikrimcə, Albaniya və Avstriya daha güclü rəqiblərdi. Moldovanı ötən il məğlub etmişdik. Hədəfimiz ən azı ikinci yeri tutub, yarımfinala vəsiqə qazanmaqdı. İlkin hədəfə nail olduqdan sonra növbəti hədəf haqda düşünəcəyik. Ötən il 3-cü yeri tutmuşduq. İnşallah, iyulun 1-də San Marinoya yollanacağıq. Heyətimizə gəlincə, ötən il komandamızda yer alan 2 gürcü legioner artıq yaş limitinə görə Samit Nuruzadənin baş məşqçisi olduğu U-18-də çıxış edir. Heyətimizdə 2002-03 təvəllüdlü basketbolçular yer alıb. Əvvəlki kimi Cəbrayıl Əkbərovla Rüstəm Mürvətov əsas oyunçularımızdı. Bundan başqa, Serbiyadan və Gürcüstandan 2002 təvəllüdlü basketbolçuları “milliləşdirəcəyik”. Onlar bugünlərdə düşərgəyə qoşulacaqlar. Biri “2”, digəri “4” nömrə kimi çıxış edir”.
SƏRXAN