Fərid Novruzi yığmada əcnəbilərin oynamasının əleyhinədi
Ötən həftə Bakının evsahibliyi etdiyi çimərlik futbolu üzrə Avropa Liqası yığmamızın bir qələbə, iki məğlubiyyəti ilə (Fransa - 4:1, Belarus - 1:4, Portuqaliya - 0:6) yadda qaldı. Aydın göründü ki, komandamız A divizionu səviyyəsinə uyğun gəlmir. İkinci ildi bu divizionda qərarlaşan Zeynal Zeynalovun rəhbərlik etdiyi milli nəinki baş məşqçinin iddia etdiyi superliqaya vəsiqə qazanmaq, A-da qalmaq haqda düşünməlidi. Xəyallar aləmindən yerə enməyin vaxtıdı. Çempionatı olmayan bu idman növündə sırf yerlilərlə böyük iddialardan dəm vurmaq xam xəyaldı. Federasiyanın birmənalı şəkildə yürütdüyü “yerlilərə güvənəcəyik” siyasəti təqdir oluna bilər. Bir şərtlə ki, baza yaradılsın, çempionat təşkil olunsun, klublaşma həyata keçirilsin. İndiki məqamda 10, uzağı 13-15 oyunçunun çiynində daşınan çimərlik futbolundan ciddi uğur gözləməyə dəyməz. Baxmayaraq ki, dəniz sahilində yerləşən, sərhədlərinin təxminən üçdəbiri su ilə əhatələnən ölkənin çimərlikdə ənənənin olmamasını bəhanə gətirməsi gülüncdü. Çay və bulaqdan başqa iri su ehtiyatı olmayan Belarusun çimərlikdə nəticə qazanması isə ayrı söhbətin mövzusudu...
Faktdı ki, Çimərlik Futbolu Federasiyasının bu sahənin inkişafı ilə bağlı əməli fəaliyyəti gözə dəymir. İş görülürsə də, bu hər turnir ərəfəsində cari, kosmetik xarakterli olur. Federasiyasının prezidenti Fərid Novruzi millimizin çıxışına qiymət verərkən, bu məqamlara da toxunub.
- Bakıda məsul turnir başa çatdı. İlk öncə həm təşkilatçılıq, həm də millimizin çıxışıyla bağlı düşüncələrinizi öyrənmək istərdik...
- Təşkilatçılıq yüksək səviyyədə idi, beynəlxalq qurumun nümayəndələri də bunu qiymətləndirdi. AFFA-ya təşəkkür edirik ki, bizə dəstəyini verdi. Hər kəs təşkilatçılıqdan razı qaldı. Millimizin çıxışına gəlincə, bu, A divizionunda ikinci ilimizdi. Əlbəttə, böyük komandalarla qarşılaşdıq. Son oyunda dünyanın 2-ci ən güclü yığması ilə üzləşdik. Düzdü, çıxışımız istənilən kimi alınmadı. Hesab edirəm ki, futbolçularımız psixoloji cəhətdən hazır deyildilər. Növbəti mərhələ Moskvada olacaq və ora hazırlaşacağıq. İnşallah, Rusiyanın paytaxtında yaxşı oyun göstərərək A divizionunda yerimizi qorumağa çalışacağıq. Əsas hədəf budu.
- Bəs federasiya olaraq, sizin vəzifələr nədən ibarətdi?
- Bizim federasiya kimi işimiz çoxdu. Səhvlər üzərində işləyəcəyik.
- Əsas görüləsi işlər hansılardı? Nələrə xüsusi diqqət yetirməlisiz?
- Yeni futbolçuları cəlb etmək, klub oyunlarını təşkil etmək. Əsas bu işləri görməliyik.
- Yeni çempionatı keçirməklə bağlı perspektiv necədi?
- Bu da qarşımızda duran işdi. Bildiyiniz kimi, ötən il çempionat təşkil etdik, böyük futboldan dörd komandanı cəlb etdik. Bunlar "Neftçi", "Zirə", "Səbail" və "Sumqayıt" idi. Bu il də çalışacağıq ki, belə yarış keçirək. Əlbəttə, bu, çempionatda futbolçular arasında yığma üçün seleksiya olacaq ki, yeni simalar üzə çıxsın.
- Qeyd etdiz ki, əsas hədəf A divizionunda yerimizi qorumaqdı. Bəs daha yüksək hədəflər necə, var?
- Qayda artıq dəyişib, əvvəlki kimi deyil. Yəni əvvəl A divizionunda olanda, xərclər beynəlxalq federasiya tərəfindən ödənilirdisə, indi xərclərin çoxu yerli federasiyanın üzərinə düşür. Ancaq Superfinala çıxanda xərcləri beynəlxalq federasiya qarşılayır. Komandamızın oyun səviyyəsinin artırılması cəhətdən A divizionunda olmaq faydalıdı. Bu zaman daha keyfiyyətli oyun nümayiş etdirə bilərik. B divizionunda isə zəif komandayla qarşılaşanda geriləmə gedir. Millimiz A divizionuna çıxmaq üçün böyük əmək sərf etdi, həqiqətən bu yerə layiq oldu. Bildiyiniz kimi, Avropada bu il reytinqdə 12-ci, dünyada 31-ci yerdəyik. Bu da bir göstəricidi, pis nəticə deyil. Cəmi 10 ildi fəaliyyət göstəririk, Azərbaycanda bu idman növünə sıfırdan başlamışıq. Bəlkə 10 il rəqəm olaraq, böyük səslənir. Ancaq futbol, ümumiyyətlə, hansısa idman növü üçün, məncə, çox böyük müddət deyil. İşimiz çoxdu və inşallah, bunların görülməsinə çalışacağıq. Səhvlərimiz bəllidi, gördük. Ən böyük çatışmazlığımız isə, məncə, güclü rəqiblər qarşısına çıxanda psixoloji cəhətdən tam hazır olmamağımızdı. Avropanın ən güclülərindən sayılan Fransaya 4:1 hesabıyla qalib gəldik, ancaq sonrakı iki oyunda uduzduq. Vəziyyətə baxacağıq. Baş məşqçiylə görüşümüz olacaq. Nələri etməli, hansı işləri görməli olduğumuzu müzakirə edəcəyik.
- Yeri gəlmişkən, millimizin baş məşqçisi Zeynal Zeynalovun işinə necə qiymət verərdiz?
- Bildiyiniz kimi, o, bir ara bizdən ayrılmışdı və yenidən milliyə gəldi. Boşluqlara yol verdiyigöründü. Ancaq ümumilikdə Zeynalovun işindən razıyıq. İnanırıq ki, millimizi yenidən dirçəldəcək və Moskvada çox gözəl futbol göstərəcəyik.
- Milliyə əcnəbi futbolçuların gəlişi müzakirə olunacaqmı?
- Yox! Prinsipial olaraq, əcnəbi dəvət etmək istəmirik. İstəyirik ki, çimərlik futbolunda sırf azərbaycanlı futbolçular iştirak etsin. Komanda sırf milli olsun, yalnız Azərbaycan vətəndaşlarından qurulsun.
- Adı çimərlik futbolu olsa da, bilirik ki, yığmaya futzaldan, böyük futboldan oyunçular dəvət edilir. Məktəblilər arasında belə yarış keçirərək həm təbliğat xarakterli işlər görmək, həm də gələcəkdə birbaşa bu idman növünə oyunçular cəlb etmək planı var?
- Fikrinizi tam dəstəkləyirəm. Belə bir planımız var, bunun üzərində müzakirələr olub. İnşallah, bunları mərhələ-mərhələ həyata keçirməyi planlaşdırırıq.
- Yalnız Bakı ilə kifayətlənəcəksiz?
- Ötən il Sumqayıtda turnir keçirdik. Bundan da əvvəl regionlarda turnirlərimiz olub. Sosial proqramlarımız da var. Bu futbol növünü ölkədə populyarlaşdırmaq istəyirik. Son üç ildə stadionumuz var. İki ildi durmadan bu arenalarda məşqlərimizi keçirik. İnşallah, bu, nəticəsini verəcək. Əlbəttə. əvvəllər belə imkan yox idi. Artıq bu fərq özünü göstərəcək.
MİRAĞA hazırladı