Ayxan Abbasov Qadze ilə bağlı qərar verməyib
Avrokuboklardan kənarda qalan “Zirə” iyunun 22-də təlim-məşq toplanışına start verdi. Qeyd edək ki, “qartallar” hazırlığın ilk mərhələsini paytaxtda keçirəcək. İyulun 15-nə kimi davam edəcək toplanışda iki yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Qəsəbə təmsilçisi ayın 7-də əvəzediciləri ilə, 14-də isə “Sabah”la qarşılaşacaq. Ayın 16-da istirahətə buraxılacaq “Zirə” bir gün sonra Türkiyəyənin Bolu şəhərinə yola düşəcək. Ayxan Abbasovun yetirmələri burda “Koru” otelində məskunlaşacaq. İyulun 29-na kimi qardaş ölkədə reallaşacaq hazırlıq prosesi çərçivəsində “qartallar” dörd yoxlama matçı keçirəcək. Rəqiblərin kimliyi hələ bəlli deyil.
Mövsüm başa çatandan sonra “Zirə”də heyətlə bağlı bir sıra dəyişikliklər oldu. Yani Urdinov, Comal Uilyams, Elşən Abdullayev, Orxan Əliyev, Milan Duriç, Yovan Krneta, Viktor İbokoyi və Aleksandr Şemonayev komandanı tərk etdi. Onlardan bəzilərinin icarə müddəti başa çatdısa, bəziləri ilə yeni mqavilə imzalanmadı. Bundan başqa, Riçard Qadze ilə Jozef Bumun “Zirə”də qalıb-qalmayacağı bilinmir. Qadzenin müqaviləsinin müddəti başa çatıbsa, Bumun daha 1 illik anlaşması var. Əvəzində İlkin Qırtımov və Kamal Mirzəyev transfer olundu. Daha bir futbolçunun adı “qartallar”la yanaşı hallanır. Pərdis Fərcad-Azadın qəsəbə təmsilçisinə keçmək ehtimalı yetərincə yüksəkdi.
Bütün bunlarla bağlı Ayxan Abbasovun fikirlərini öyrənmək qərarına gəldik: “Şənbə günü toplanışa start verdik. Bilirik ki, qarşıdakı mövsüm bizim üçün çox çətin olacaq. İlk gündən futbolçulara da bu haqda dedim. Odu ki, çox ciddi hazırlaşırıq. Hazırlığa yerli futbolçularla başlamışıq. Üç gündü məşq edirik. Sadio Tounkara ilə Aleksandr Dedov da bugünlərdə komandaya qoşulacaq. Düzdü, az transfer etmişik. Ancaq bu yöndə işlər gedir. Çalışacağıq ki, yaxın günlərdə bu cür məsələləri həll edək. Güclü komanda olmaq üçün güclü də futbolçulara ehtiyacımız var. Hazırlaşmaq lazımdı. Təbii, bizi çətin çempionat gözlədiyi üçün mübarizəyə hazır olmalıyıq. Hələ ki vəziyyət qeyd etdiyim kimidi”.
Abbasov Qadze ilə Bumun məsələsinə də toxundu: “Jozefin müqaviləsi var. Ailə probleminin olduğunu bizə bildirib. Harasa getmək istəsə, mütləq bizimlə razılaşmalıdı. Riçarda gəlincə, onun özünə biz təklif göndərməmişik. Bu haqda düşünürük. Onun xidmətində hansısa klub maraqlı olsa və getmək istəsə, problem yaratmarıq. Ancaq dediyim kimi, biz özümüz Riçarda təklif göndərməmişik. Çünki tam qərar verməmişik. İstənilən futbolçu ilə bağlı qərar verərkən, ötən mövsümə baxıb ümumi dəyərləndirmə aparırıq. Çalışırıq ki, düzgün qərar verək. Ona görə də Riçardla bağlı tələsmirik”.
Gənc mütəxəssis Pərdis Fərcad-Azadla danışıqlar haqda bunları dedi: “Pərdislə maraqlanmışıq. Bəzi problemlər var ki, həllini tapmayıb. Futbolçu ilə söhbətimiz olub. Pərdisdən cavab gözləyirik. Maddi məsələ onu fikirləşməyə vadar edib. Biz təklifimizi etmişik. Futbolçudan müsbət cavab gəlsə, keçidi reallaşa bilər. Ancaq hazırda sakitlikdi. Ancaq bir şey var ki, sabah hücumçu transfer etsək, Pərdis söhbəti bağlana bilər”.
FARİZ