“Hələ bilmirəm, özüm orda qalacam, ya yox”
Sonuncu dəfə 2012/13 mövsümündə elitada çıxış edən “Turan Tovuz” (həmin vaxt “Turan” idi) artıq 5-ci mövsümdü aşağı dəstədə mübarizə aparır. Artıq 5 ildi böyük futbol futbol bölgəsi kimi tanınan rayondan uzaq düşüb. Düzdü, komanda Əsgər Abdullayevin rəhbərliyi altında 2016/17 “futbol ili”ndə aşağı dəstənin qalibi kimi elitaya dönməyə yaxın idi. Ancaq maddi imkansızlıq “göy-qırmızılar”ın azarkeşlərinin, məşqçilər korpusunun arzusunu ürəyində qoydu. Artıq neçə illərdi ki, qərb bölgəsinin təmsilçisi AFFA-dan ayrılan vəsait hesabına ayaqüstə durur. Klubun Müşahidə Şurasının sədri Oqtay Abdullayev hər dəfə qəzetimizə açıqlamasında vəsait çatışmazlığından şikayətlənməklə yanaşı, Tovuzun imkanlı adamlarının, rayon rəhbərliyinin komandaya diqqət ayırmadığını qeyd edir. Onun sözlərinə görə, AFFA-dan ayrılan vəsait olmasa, bu gün Tovuz futbolu tarixin yaddaşına köçər.
Bugünlərdə, daha dəqiq desək, iyunun 7-də prezident İlham Əliyevin sərəncamı ilə Tovuza yeni icra başçısı təyin olundu. Uzun illər rayona başçılıq edən Tofiq Zeynalov kreslosunu Məmməd Məmmədova təhvil verib. Bəs görəsən, yeni icra başçısının gəlişi rayonun futbol həyatına necə təsir edəcək? Klubun Müşahidə Şurasının sədri Məmmədovla görüşübmü?
Bu suallara cavab tapmaq üçün Oqtay Abdullayevlə əlaqə saxladıq: “Hələ bilmirəm ki, özüm orda qalacam, ya yox. Artıq neçə ildi ki “Turan Tovuz” AFFA-nın sayəsində fəaliyyət göstərir. Pul olmadan elita haqda düşünmək yersizdi. Yeni icra başçısı ilə görüşməmişik. Klubda qalıb işimi davam etdirməli olsam, Məmməd Məmmədovla görüşüb fikir mübadiləsi aparacam”.
RƏŞAD