Tahir Baxşıyev: “Çox güman, bütün hazırlığımız Bakıda baş tutacaq”
20 yaşadək basketbolçulardan ibarət yığmamız Avropa çempionatının B divizionunda mübarizəyə hazırlaşır. İyulun 13-dən 22-dək Bolqarıstanın paytaxtı Sofiyada baş tutacaq mübarizədə A qrupunda yer alan millimiz Latviya, Belçika, Belarus və Makedoniya ilə münasibətləri aydınlaşdıracaq. Bir müddət öncə millinin baş məşqçisi Tahir Baxşıyev qəzetimizə verdiyi açıqlamada yetirmələrinin Gürcüstandan olan həmyaşıdlarıyla Tiflisdə yoxlama oyunları keçirəcəyini söyləmişdi. Hətta iyulun əvvəlində Türkiyədə təlim-məşq toplanışının keçirələcəyi də istisna olunmurdu. Ancaq hazırlıq prosesi plan üzrə getmir. Komanda məşqləri Bakıda və yoxlama oyunları keçirmədən davam etdirir. Sözsüz, bu da yarışdakı çıxışa mənfi təsirini göstərəcək. Çox güman, bütün bunların kökündə Basketbol Federasiyasının üzləşdiyi maliyyə problemləri durur.
Tahir Baxşıyev məsələylə bağlı bunları dedi: “Gürcülər, səhv etmirəmsə, Latviyaya yollanacaqlar. Ona görə də onlarla qarşılaşmaq planı pozuldu. Türkiyə variantı da açıq qalır. Çox güman, yarışadək bütün hazırlığımız Bakıda baş tutacaq. Bolqarıstana iyulun 12-də yollanacağıq”.
SƏRXAN