
Göygöldə bakılılar fərqləndi
Sentyabrda Bakıda baş tutacaq cüdo üzrə dünya çempionatının təbliğinə həsr olunan "Federasiya kuboku" yarışının final mərhələsi keçirilib. Göygöldə təşkil edilən turnirdən bir gün öncə bölgə hakimlərinin seminarı keçirilib. Seminarda cüdonun yeni qayda və qanunlarının tətbiqi əyani şəkildə göstərilib, geniş müzakirə edilib, fikir mübadilələri aparılıb. Cüdo Federasiyasının dəstəyi ilə keçirilən azyaşlı yeniyetmələrin regionlararası "Federasiya kuboku" yarışının finalında ən güclü komandalar mübarizə aparıb. Bütün rəqiblərinə qalib gələn "Bakı-1" birinci yeri tutub. "Şimal-Qərb" gümüş, "Bakı-2" və "Sumqayıt-1" isə bürünc medal qazanıb. İlk dəfə keçirilən "Federasiya kuboku"nun qalib və mükafatçılarına diplom, kubok və medallar təqdim olunub.