“Keşlə”nin rəqibi “Riyeka”ya uduzdu
"Keşlə" böyük ehtimalla Pərdis Fərcad-Azadla yeni müqavilə imzalamayacaq. Düzdü, hücumçu hələ də bakılılardan təklif gözləyir. Ancaq Yuri Maksimov onu bəyənmir. Sadəcə, klub rəhbərliyi yeni transferlərdən asılı olaraq, Pərdisi ehtiyat variant kimi saxlayır. Pərdis artıq özünə yeni klub axtarır. O, çox güman, karyerasını yenə Azərbaycanda davam etdirəcək. Kubokun finalında vurduğu qolla komandasına titul qazandıran forvard "Zirə"nin maraq dairəsinə düşüb. 30 yaşlı futbolçunun agenti ilə ilkin danışıqlar aparan qəsəbə təmsilçisi maliyyə şərtlərini açıqlayıb. Hazırda doğulub boya-başa çatdığı Almaniyada olan Fərcad-Azad təklifi götür-qoy edir və "Zirə"yə hələ ki nə "hə", nə də "yox" cavabı verilib. "Zirə" isə yalnız Pərdislə kifayətlənməyərək yeni hücumçu axtarışını davam etdirir.
Qeyd edək ki, Pərdis Fərcad-Azad 2012-ci ildən ölkəmizdə çıxış edir. Forvard "Keşlə"yədək "Sumqayıt"ın uğurları üçün çalışıb.
Bu arada Avropa Liqasının birinci təsnifat mərhələsində "Keşlə" ilə qarşılaşacaq Maltanın "Baltsan” komandası yoxlama matçı keçirib. “Cırtdanlar”ın rəqibi Xorvatiya "Riyeka"sı olub. Görüş "Riyeka"nın qələbəsi ilə yekunlaşıb - 2:1. "Baltsan"ın yeganə qolunu 54-cü dəqiqədə Miloş Lepoviç vurub.
Qeyd edək ki, "Keşlə" bu komanda ilə ilk oyunu iyulun 12-də səfərdə, cavab görüşünü bir həftə sonra evdə keçirəcək.