“Almanlar 90+5-ci dəqiqəyədək döyüşür, bunlar iki qoldan sonra tərksilah olurlar”
Dünya çempionatının qızğın vaxtıdı. Qrup mərhələsinin ilk turunda minimal hesablar üstünlük təşkil edirdisə, ikinci turdan məhsuldarlıq artıb. Maraqlıdı ki, hələ qol vurulmayan oyun olmayıb. Diqqəti çəkən digər məqam isə müsəlman ölkələrinin bir-bir sıradan çıxmasıdı. Səudiyyə Ərəbistanı, Misir, Mərakeş və Tunisin qrupda qalacağı dəqiqləşib. Qeyri-adi nəsə baş verməsə, İran da onlara qoşulacaq. Yalnız əhalisinin 92 faizi İslam dininə sitayiş edən Seneqal istisnadı. İlk turda gözlənilmədən Polşaya qalib gələn afrikalılar qrupdan çıxmaq şansını saxlayır. Əhalisinin təxminən yarısı müsəlman olan Nigeriya da 1/8 finala çıxa bilər. Ancaq ənənəvi İslam (ərəb) ölkələri üçün sonuncu – 3-cü tur artıq formal xarakter daşıyır. Bəs bunun səbəbi nədi? Niyə müsəlman ölkələri cari mundialda bu qədər zəif çıxış etdi? Bəlkə Ramazan ayı yeni başa çatdığından futbolçular orqanizmini tam bərpa edə bilməyib? Yoxsa başqa səbəblər həlledici rol oynayıb?
Məsələ ilə bağlı həm İslam, həm də futbol ilə yaxından maraqlanan millət vəkili Fazil Mustafanın fikirlərini öyrəndik. Hazırda ölkə xaricində olan deputatın cavabı qısa oldu: “Texniki və intellektual hazırlığın aşağı olması nəticəsində uğursuz nəticə göstərirlər. Fiziki hazırlıqda çatışmazlığın qətiyyən Ramazanla əlaqəsi yoxdu. Bir-iki gün Ramazan ayına təsadüf etdi. Ümumilikdə enerjini, gücü doğru tənzimləməyi bacarmırlar. Sırf mental problemdi. Almanlar 90+5-ci dəqiqəyədək döyüşür, bunlar iki qoldan sonra tərksilah olurlar. Sistem komandasına çevrilməyincə, duyğusallıq yalnız keçici epizodlarda uğur gətirə bilər”.
SƏRXAN