Təlim-məşq toplanışın ikinci mərhələsi üçün Sloveniyada olan “Qəbələ” şənbə günü bu ölkədə ilk yoxlama görüşünə çıxıb. Rəqib Albaniya təmsilçisi, Rauf Əliyevin qalmaqallı şəkildə ayrıldığı “Kukesi” olub. Xatırladaq ki, “qırmızı-qaralar” Qəbələdə təşkil olunan toplanışı MOİK-ə qarşı keçirdiyi yoxlama oyunu ilə başa vurmuşdu. “Hərbçilər”lə Bakıda baş tutan qarşılaşmada qalibi müəyyənləşdirmək mümkün olmamışdı - 1:1. Albanlarla oyuna keçməmiş onu da bildirək ki, “Kukesi” ilə oyuna qədər şimallıların yoxlama görüşlərində Albaniya klubları ilə yolları cəmi bir dəfə kəsişib. 2017-ci ilin qışında Türkiyədə toplanışda olan “qırmızı-qaralar” “Partizani” ilə üz-üzə gəlib və matç albaniyalıların qələbəsi ilə yekunlaşıb - 2:1. Yeri gəlmişkən, onu da xatırladaq ki, bu oyun “Qəbələ”nin Sloveniyada ümumilikdə 10-cu qarşılaşmasıdı. 2012-ci və 2014-cü illərdə də yay təlim-məşq toplanışını bu ölkədə keçirən “qırmızı-qaralar” ümumilikdə 8 yoxlama oyununda qüvvəsini sınayıb. Şimallıların daha bir oyunu isə Avropa Liqası çərçivəsində “Maribor”la duelə təsadüf edib.
Şimallıların yeni baş məşqçisi Sənan Qurbanov Albaniya klubu ilə oyunda ilk dəqiqələrdən meydana bu heyəti buraxıb: 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 27. Bəhlul Mustafazadə, 18. İlqar Qurbanov, 34. Ürfan Abbasov, 4. Elvin Camalov, 8. Qismət Alıyev, 11. Asif Məmmədov, 33. Təmkin Xəlilzadə, 28. Stiven Jozef-Monroz, 10. Rauf Əliyev.
Ehtiyatda isə bu futbolçular qalıb: 30. Aqil Məmmədov, 35. Murad Popov, 5. Rasim Ramaldanov, 7. Roman Hüseynov, 26. Faiq Hacıyev, 29. Hacıağa Hacıyev, 32. Amin Seydiyev, 88. Sabien Lilay, 89. Abbas Ağazadə.
Avropa Liqasının birinci təsnifat mərhələsinə hazırlaşan komandaların görüşü qarşılıqlı hücumlar şəraitində keçib. Lakin rəqiblər ilk yarıda qol sevinci yaşaya bilməyib. Fasilədən sonra hər iki komandanın heyətində dəyişikliklər olub. Aqil, Hacıağa və Sabien ikinci hissənin ilk dəqiqələrindən uyğun olaraq Dmitri, Qismət və Elvinin yerinə meydana çıxıb. Qurbanov ehtiyatda olan digər futbolçuların hamısına ikinci hissənin gedişində özünü göstərmək şansı verib. Matçdakı qollar da fasilədən sonra vurulub. 79-cu dəqiqədə “Kukesi”nin qapısına yol tapan Stiven Jozef-Monroz “Qəbələ”ni hesabda önə çıxarıb – 1:0. Albanlar yalnız matça əlavə olunmuş dəqiqədə hesabda tarazılıq yaratmağa müvəffəq olub – 1:1. Dino Spehar adını tabloya yazdırıb. Beləliklə, “qırmızı-qaralar” Sloveniya toplanışındakı ilk yoxlama oyunundan qollu “sülh”lə ayrılıb.
Qarşılaşmadan sonra şimallıların baş məşqçisi Sənan Qurbanov oyunla bağlı fikirlərini bölüşüb: “Kukesi” yetərincə ciddi rəqib idi. Məlumat toplamaq üçün yaxşı qarşılaşma oldu. Matçdan öncə yaxşı məlumat yığacağımıza ümid edirdik. Sloveniya toplanışına 3 gün öncə başladığımızı nəzərə alsaq, bu oyundan, xüsusilə də ikinci hissədən razı qaldım. Fiziki cəhətdən hazır olduğumuzu deyə bilmərik. Buna görə də elə oyun üslubu seçmişdik ki, futbolçularımız az qaçsınlar, topla davransınlar, sıx oynasınlar. “Kukesi” ilə qarşılaşmada oyunçuların buna cəhd etdiklərini görə bildim. Demək olar ki, futbolçular düz yoldadı. Matçdan istədiklərimi aldım. Oyunu təhlil edəcəyik. Toplanışa onun üçün gəlmişik ki, səhvlərimizin üzərində işləyək. Oyunlar zamanı futbolçulardan meydanda maksimum güc qoymalarını çox istəyirik”.
Bu arada “Qəbələ”nin Avroliqadakı rəqibi olan “Proqres”in qolkiperi Lüksemburqun sport.lu portalına açıqlama verib. Sebastyan Flauss komandasının ilk mərhələni adlayacaq gücdə olduğunu bildirib: “İki mövsüm öncə bu komanda Avropa Liqasının qrupunda çıxış edib. Bu da onların güclü olmasından xəbər verir. Ancaq biz də “Reyncers”i udmaqla tarix yazmış komandayıq. Fikrimcə, ilk mərhələ səddini keçmək iqtidarındayıq və komanda yoldaşlarım da buna inanır”.
Sonda “Qəbələ”nin düşərgəsində baxışdan keçən futbolçunun olduğunu da diqqətinizə çatdıraq. “MATÇ TV”nin yaydığı məlumata görə, “Zenit”in futbolçusu Aleksey İsayev “qırmızı-qaralar”ın Sloveniyadakı toplanışında iştirak edir. Sankt-Peterburq klubunun yetirməsi ötən mövsümü icarə əsasında birinci dəstədə mübarizə aparan “Yenisey”də keçirib. 22 yaşlı yarımmüdafiəçi meydanda olduğu 22 oyunda 2 dəfə rəqib qapısına yol tapıb.