Zeynal Zeynalov ustalıq səviyyəsini qabartdı
Bakıda təşkil edilən çimərlik futbolu üzrə Avropa Liqasına (Euro Beach Soccer League Baku 2018) dünən yekun vuruldu. Turnirə cümə günü Fransa üzərində 4:1 hesablı inamlı qələbə ilə başlayan Zeynal Zeynalovun komandası uğurun davamını gətirə bilmədi. Həftəsonu baş tutan oyunlar bərbad alındı. Komandamız şənbə günü Belarusa eyni hesabla (1:4) uduzdu. Yığmanın heyətində İlkin Hacıyev fərqləndi. Belaruslarla görüşdə şansımız daha çox olmuşdu. Hər halda, qarşılaşmanın əvvəlində Sabir Allahquliyev hakimin təyin etdiyi penaltini boşa vermişdi.
Milli turnirin son oyununda Portuqaliya ilə qarşılaşdı. Komandalar meydana bu heyətlə çıxmışdı:
Azərbaycan: 1. Vaqif Şirinbəyov, 9. Əbdül Əliyev, 14. Asif Zeynalov (k), 17. Sabir Allahquliyev, 18. Comərd Baxşəliyev; 22. Elçin Qasımov, 7. İlkin Hacıyev, 11. Orxan Məmmədov, 20. Ramil Əliyev, 21. Amid Nəzərov.
Portuqaliya: 12. Elinton Andrade, 2. Ruy Kolimbra, 3. Leo Martins, 5. Cordan Santos, 11. Bernardo Martins; 1. Tyaqo Petroni, 4. Bruno Torres, 7. Joao Sarayiva (k), 9. Bruno Novo, 13. Rikardo Batista.
Son oyun daha acınacaqlı alındı. Görünür, fiziki qüvvəsi yetməyən Zeynal Zeynalovun yetirmələri rəqibdən nə az, nə çox – 6 cavabsız “qol yedi”. Baş məşqçi darmadağına belə şərh verdi: “Turnir yüksək səviyyədə təşkil olunmuşdu. Azarkeşlər bir-birindən maraqlı oyunlar izlədi. Portuqaliya millisi təkcə Avropanın yox, dünyanın ən güclü komandalarından biridi. Bugünkü oyunda da ustalıq səviyyəsi qarşılaşmanın taleyini həll etdi. Çox güclü rəqibə qarşı mübarizə apardıq. Bu qarşılaşmalar komandadakı çatışmazlıqları üzə çıxardı. Görüləsi iş çoxdu. Gələn ay Moskvada keçiriləcək turnirə qədər bunları aradan qaldırmalıyıq. Ən əsası, futbolçular rəqibdən çəkinməməli, psixoloji baxımdan oyunlara tam hazır olmalıdılar. Əlbəttə, A ilə B divizionu arasında fərq böyükdü. Bura vəsiqə qazanmışıqsa, yerimizi qorumalı, çox işləməli, irəli getməliyik. Bunun üçün çalışacağıq”.
Beləliklə, qrupda ilk yeri 3 oyunun hamısında qələbə qazanan Portuqaliya tutdu. 2-ci qrupun qalibi isə bütün rəqiblərini qabaqlayan Ukrayna oldu.
Son iki turda keçirilən digər oyunların nəticələrini diqqətinizə çatdırırıq:
23 iyun
İsveçrə - Almaniya 10:2
Portuqaliya – Fransa 5:3
İtaliya – Ukrayna 2:2, p.- 3:4
24 iyun
Ukrayna – Almaniya 4:3
Belarus – Fransa 3:2
İtaliya – İsveçrə 1:7
1-ci qrup
1. Portuqaliya 3 3 0 0 14-5 9
2. Belarus 3 2 0 1 9-6 6
3. Azərbaycan 3 1 0 2 5-11 3
4. Fransa 3 0 0 3 6-12 0
2-ci qrup
1. Ukrayna 3 2 1 0 11-9 7
2. İsveçrə 3 2 0 1 21-8 6
3. İtaliya 3 1 0 2 6-9 3
4. Almaniya 3 0 0 3 5-17 0
Beləliklə, oyunlar başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirildi. Portuqaliya millisindən Andrade Elinton turnirin ən yaxşı qapıçısı, Leonardo Santos isə ən yaxşı oyunçusu seçildi. Hərəyə 6 qol vuran İsveçrə millisinin üzvləri Deyan Stankoviç və Noel Ott turnirin ən məhsuldar oyunçuları oldu. Müvafiq olaraq, birinci və ikinci qrupun qalibi olan Portuqaliya və Ukrayna komandalarına kubok təqdim edildi. Komandalara mükafatları Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzi, vitse-prezident Fərid Axundov, Dünya Çimərlik Futbolu Federasiyasının vitse-prezidentinin müavini Gabina Renales təqdim etdi.
MİRAĞA