Fransanın paytaxtı Parisdə keçirilən sürətli şahmat üzrə “Grand Chess Tour” davam edir. Dünən rapiddə son 3 turun oyunları keçirilib. Şəhriyar Məmmədyarov 7-ci turda qara fiqurlarla fransız Maksim Vaşye-Laqrava uduzub. Fabiano Karuana (ABŞ) Vladimir Kramnikə (Rusiya) qalib gəlib. Aleksandr Qrişuk (Rusiya) – Vişvanatan Anand (Hindistan), Uesli So (ABŞ) – Hikaru Nakamura (ABŞ) və Sergey Karyakin (Rusiya) – Levon Aronyan (Ermənistan) görüşləri heç-heçə bitib. Növbəti turda Məmmədyarov “ağlar”la Qrişuku məğlub edib. Nakamura Ananddan, Karuana isə Aronyandan güclü olub. Kramnik – Vaşye-Laqrav və Karyakin – So qarşılaşmaları “sülh”lə yekunlaşıb. Sonuncu – 9-cu turda Nakamura – Məmmədyarov, So – Anand və Karuana – Karyakin partiyalarında qalib müəyyənləşməyib. Vaşye-Laqrav Aronyanı, Kramnik isə Qrişuku məyus edib.
Xal durumu: So – 12, Nakamura, Karyakin – 11, Vaşye-Laqrav, Anand, Aronyan – 9, Karuana – 8, Kramnik, MƏMMƏDYAROV, Qrişuk – 7.
Qeyd edək ki, həftəsonu iştirakçılar ikidövrəli sistem üzrə blitsdə münasibətləri aydınlaşdıracaq. Rapiddə və blitsdə yığılan xallar toplanacaq və yekunda buna əsasən yerlər müəyyənləşəcək.