“Qəbələ” Avroliqanın ikinci mərhələsindəki rəqibini də Qəbələdə qəbul edəcək
Bu yay ölkəmizi Avropa Liqasında təmsil edəcək “Qəbələ”nin ilk mərhələ oyununu “doğma divarlar” arasında keçirəcəyindən xəbəriniz var. Xatırladaq ki, “qırmızı-qaralar” Lüksemburq təmsilçisi “Proqres”i iyulun 12-də Qəbələ stadionunda qəbul edəcək. Şimallıların rəhbərliyi UEFA-nın qəzəbinə tuş gəlməmək üçün dəmir konstruksiyalı tribunaları sökməyə qərar verib. Bu haqda məlumatı klubun meneceri Səbuhi Səfiyarlıdan almışdıq. Bugünlərdə yayılan xəbərlərə görə, “qırmızı-qaralar” ikinci mərhələyə adlayacağı təqdirdə də rəqibini bölgədə qəbul edəcək. Halbuki Səbuhi bəy bizimlə söhbətdə yalnız birinci mərhələ oyununu öz meydanlarda keçirmək istədiklərini bildirmişdi.
Söylənilənlərə aydınlıq gətirmək üçün hazırda komanda ilə birlikdə Sloveniyada olan Səbuhi bəylə əlaqə saxladıq: “Bu məsələyə hələ tam aydınlıq gəlməsə də, növbəti mərhələyə adlayası olsaq, böyük ehtimalla, ev oyunumuzu Qəbələdə keçirəcəyik. UEFA, adətən, üçüncü mərhələdən stadionlarla bağlı sərt qərarlar qəbul edir”.
Səbuhi bəylə söhbətdə Araz Abdullayevin məsələsinə də toxunduq. Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, ötən mövsüm Cənubi Kiprdə legioner həyatı yaşayan vinger yenidən Avropaya yollanacaq. Səfiyarlı söylənilənləri təsdiq etdi: “Hazırda Araza Yunanıstan elitasında çıxış edən klubdan real təklif var. Həmin klubun adını çəkmək istəmirəm. Ancaq onu deyə bilərəm ki, klublar arasında danışıqlar davam edir. Yunanıstan klubu da Abdullayevi 6 aylığa icarəyə götürmək niyyətindədi. Böyük ehtimalla, Araz karyerasını Yunanıstanda davam etdirəcək. Yaxın iki-üç gündə bütün suallara aydınlıq gələcək. Arazın Yunanıstana yollanmaq şansının real olduğunu nəzərə alan baş məşqçimiz onu məşqlərdən azad edib”.
RƏŞAD