Emil Babayev “kimyaçılar”la anlaşdı
"Sumqayıt" ın 2018/19 mövsümü üçün yay hazırlıq planı məlum olub. Belə ki, “kimyaçılar” Nazim Süleymanovun rəhbərliyi altında iyunun 27-də tibbi baxışdan keçəcək. Ardınca komanda iki gün dəniz kənarında fiziki hazırlıq üzrə məşqlərə qatılacaq. İyunun 30-dan isə “gənclik şəhəri”nin təmsilçisi təlim-məşq toplanışına yığışacaq. “Ağ-göylər” ADBTİA-nın stadionunda hazırlaşacaq. Hazırlığın ilk mərhələsində Süleymanovun komandası 2 yoxlama oyunu keçirəcək. Qeyd edək ki, "Sumqayıt" hazırlığın ikinci mərhələsi üçün Türkiyəyə gedəcək. İyulun 16-dan 29-dək Boluda olacaq “kimyaçılar” "Koru" otelində məskunlaşacaq. Ötən mövsümü 5-ci pillədə başa vuran komanda qardaş ölkədə olduğu müddətdə 4 yoxlama görüşü keçirməyi plalaşdırır. Rəqiblərin adlarına yaxın günlərdə aydınlıq gələcək.
Dünən isə Nazim Süleymanovun daha bir köməkçisinin adına aydınlıq gəlib. Emil Babayev bundan sonra “Sumqayıt”ın məşqçilər korpusunda qapıçılar üzrə məşqçi funksiyasını yerinə yetirəcək. Qeyd edək ki, 37 yaşlı mütəxəssis 2008-09-cu illərdə "Neftçi"nin əvəzedici komandası, 2008-11-də U-15 və U-17 millimiz, 2009-11-də "Rəvan", 2012-15-də "Simurq", 2016-18-ci illər aralığında isə Moskva ÇSKA-sının Futbol Akademiyasında çalışıb.
RƏŞAD