Hazırda bütün dünyanın diqqəti Rusiyaya yönəlib. Qonşu ölkədə keçirilən mundiala ölkəmizdə də maraq yetərincə böyükdü. Oyunları İTV və “İdman Azərbaycan” ekranlara daşıyır. Bəziləri isə dostları, yaxınları ilə qapalı məkanlara – kafelərə, pablara üz tutur. Yadınızdadısa, DÇ-nin startından öncə bu yöndə sorğu keçirmişdik. Belə məsələlərdə həmişə xüsusi ideya ortaya qoyan Bakı Olimpiya Stadionu (BOS) ilə də əlaqə saxlamışdıq. Çünki ölkənin ən nəhəng idman qurğusunda daha öncə “Qarabağ”ın ÇL-dəki səfər oyunları, eləcədə qitənin ən nüfuzlu klub turnirinin finalı və bu kimi yarışları açıq havada böyük monitorda izləmək mümkün olub.
BOS-un mətbuat katibi Cəmilə Mehdiyeva dünya çempionatı zamanı stadionda fan-zonanın fəaliyyət göstərəcəyini demişdi. O, yalnız saat 22.00-da başlayacaq matçların böyük ekranda yayınının təqdim ediləcəyini, 1/4 final, yarımfinal və final zamanı isə fan-zonanın festival tipli olacağını söyləmişdi. Həmçinin Cəmilə xanım səhərdən axşama kimi həm böyüklər, həm də uşaqlar üçün əyləncəli proqramlar, viktorinaların nəzərdə tutulduğunu və piknik ərazisinə girişin pulsuz olacağını, qrup oyunları zamanı 1000-ə, festival çərçivəsində isə maksimum 2000-ə qədər tamaşaçı qəbul edə biləcəklərini qeyd etmişdi.
Dünən Mehdiyeva ilə əlaqə saxlayıb, həmin planların həyata keçirilib-keçirilmədiyini soruşduq: “Pley-off mərhələsindən başlayaraq fan-zona festival tipli olacaq. Hələ ki yalnız bir oyun nümayiş etdirilib. Bu Portuqaliya – İspaniya dueli olub. Bəli, maraq var”.
FARİZ