Hayle İbrahimov AÇ-ni buraxacaq?
Beynəlxalq idman qurumlarının rəhbər şəxsləri tez-tez ölkəmizə gəlir. Bu işgüzar səfərlərin müxtəlif məqsədləri olur. Ötən ayın sonlarında Avropa Atletika Assosiyasiyasının prezidenti Sveyn Arne Hansen və bu qurumun baş icraçı direktoru Kristian Mils ölkəmizə səfər etmişdi. Onlar səfər çərçivəsində Atletika Federasiyasının (AAF) prezidenti Çingiz Hüseynzadə, baş nazirin birinci müavini, gələn il Bakıda keçiriləcək Yeniyetmələrin Avropa Olimpiya Festivalının Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov, gənclər və idman naziri Azad Rəhimovla görüşmüş, Olimpiya stadionuna baş çəkmişdi. Bu səfərin detalları haqda məlumat almaq üçün AAF-ın texniki direktoru Məhərrəm Sultanzadə ilə əlaqə saxladıq: “2015-dən onlar müntəzəm Avropa ölkələrinə belə səfərlər edirlər. Həmin ölkədə atletikanın durumuyla maraqlanırlar. Bazalar, stadionlar və milli federasiyanın işiylə tanış olur. Başqa vəzifəli şəxslərlə də belə görüşlər baş tutur. Bu dəfə də eyni mexanizm idi. İdmançılarımızın hazırlıq prosesiylə, federasiyamızın ofisiylə, necə işləməsiylə, federasiyanın strukturuyla bağlı məlumat topladılar. 2020-ci ildə Avropanın CEO konfransı keçiriləcək. Onlar bu tədbirin Bakıda baş tutmasını təklif etdilər. Bu il həmin konfrans Belarusun paytaxtı Minskdə keçirilib. 2014-də ölkəmiz assosiyasiya tərkibində fəallığıyla seçilirdi. Buna qədər Azərbaycanda atletikayla bağlı müxtəlif tədbirlər və yarışlar keçirilib. Qonaqlar da bu təcrübəni nəzərə alıb, konfransın 2020-də Bakıda keçirilməsi təklifini irəli sürdü. Onlar bunu Azad Rəhimovla görüşdə səsləndirdi”.
Avqustda Almaniyada keçiriləcək Avropa çempionatına 5 lisenziya qazandığımızı bilirsiz. Evans Kiplaqat (marafon), Anna Skidan (çəkicatma), Hayle İbrahimov (3000 metr qaçış), Nazim Babayev və Aleksis Kopello (hər ikisi üçtəkanla tullanma) tələb olunan normativi doldurub. Fürsətdən istifadə edərək yığmamızın sabiq çalışdırıcısından onların hazırlığı və lisenziyalarımızın sayının artma perspektivi haqda məlumat almağa çalışdıq: “Skidan Kiyevdə, Babayev Antalyada təlim-məşq toplanışı keçir. Kopello sabah (bu gün) Madriddə beynəlxalq turnirdə qüvvəsini sınayacaq. Kiplaqat isə Keniyada hazırlıq keçir. Ancaq İbrahimovun durumu sual altındadı. Bu mövsüm yaxşı çıxış etməyib. İnanmırıq ki, Hayle tam bərpa olunub, qitə birinciliyində qüvvəsini sınasın. Bunun üçün 60-70 faiz şansı olsa belə…
O ki qaldı lisenziyaların artması məsələsinə, Rahib Məmmədov 110 metrə sədlərlə qaçışda, Zəkiyyə Həsənova isə 100 və 200 metrə qaçışda lisenziya qazana bilər. Həsənova 200 metr qaçışda daha yaxşı çıxış edir. Burda normativ 23,50 saniyədi. Zəkiyyənin ən yaxşı göstəricisi 23,56 saniyədi. İyunun 29-30-da hər ikisi Qazaxıstanın Almatı şəhərində keçiriləcək beynəlxalq yarışda lisenziya normativini doldurmağa çalışacaqlar”.