“Araz” oyunçularına məvacib verə bilmir?
"Araz"ın heyətində "yarpaq tökümü" gedir. Hər halda, Naxçıvan təmsilçisinin aparıcı üzvlərindən olan braziliyalı Qallonun İspaniya "Levante"sinə keçidindən sonra daha iki futzalçının heyətdən ayrılması haqda xəbərlər yayılıb. Söhbət Ramiz Çovdarovla Xətai Bağırovdan gedir. "Araz"ın baş məşqçisi Joze Alesio da Silvanın onların xidmətində maraqlı olmadığı deyilir. Hərçənd həm “Araz”ın idman direktoru Marat Salyanski, həm də adı çəkilən milli üzvlərindən Xətai Bağırov xəbəri təkzib edir. Öncə Salyanskini dinləyək: “Doğru məlumat deyil. Hələ bilinmir kim gedir, kim qalır. Hazırda müqaviləsinin müddəti bitən oyunçularla danışıqlar gedir. Yaxın günlərdə məsələyə aydınlıq gələcək. Alesio isə gələn ay Bakıya qayıdacaq. O bizə Xətai və Ramizi istəməməsi ilə bağlı nəsə deməyib”.
Xətai də xəbəri təkzib etdi: “Açığı, dəqiqləşdirmədən yayılan informasiyadı. “Araz”ın oyunçusuyam və mənə heç nə deməyiblər”.
Ancaq... Elə Xətai ilə söhbətləşərkən ona xaricdən təklif gəldiyini öyrəndik və hiss etdik ki, təcrübəli futzalçı legioner həyatı yaşamağın əleyhinə deyil: “Qazaxıstandan və Polşadan təkliflər gəlib. Orta asiyalıların təklifi daha konkretdi. “Aktobe” və “İnta” xidmətimdə maraqlıdı. Polşa təmsilçisi “Şlask” da məni istəyir. Ancaq dediyim kimi, qazaxlar, bir qədər də dəqiqləşdirsəm, “İnta” israrla transferimə çalışır. Aktau komandasıdı, növbəti mövsüm yüksək liqada oynamağı hədəfləyiblər. Bir həftə vaxt istəmişəm”.
Elə “bir həftə vaxt istəmişəm” cümləsindən Xətainin “Araz”dan ayrılması ilə bağlı xəbərin boşuna olmadığı anlaşılır. Üstəlik, araşdırmamız nəticəsində bir maraqlı faktı da üzə çıxardıq. Sən demə, Xətai Bağırov ötən ay “İnta”nın düşərgəsində olub, bu komanda ilə “Olimp” bukmeker kontorunun təşkil etdiyi ənənəvi turnirdə iştirak edib və qalib olub. Düzdü, Xətai ora tək getməyib. Elə həmin Ramiz Çovdarov, həmçinin Emin Kürdov, Seymur Məmmədov və Fərid Ələkbərov da Aktauda keçirilən turnirə qatılıblar. Hamısı da “İnta”nın heyətində yer alıb. Heyətin yarısını bizimkilərin təşkil etməsi və məhz futzalçılarımızın sayəsində “İnta”nın qalib olması qürurvericidi. 13 iştirakçının qatıldığı turnirin mükafat fondu 1000000 təngə, başqa sözlə, 3000 dollar olub. Yarış iştirakçılarının 3-ü Qazaxıstanın yüksək liqa təmsilçiləri “Aktobe”, “Okjetpes” və “Ayat” olub. Mayın 10-13-ü aralığında baş tutan turnirdə “İnta” 7 oyun keçirib və hamısında qələbə qazanıb. Finalda “KMG Katerinq”lə qarşılaşan “İnta” 4:0 hesabıyla qalib gəlib ki, Xətai dubla imza atıb. Qeyd etdiyimiz kimi, həmyerlilərimizin Qazaxıstanda fərqlənməsi, Bakıya cibidolu qayıtması, turnir çərçivəsində Xətainin özünə müştəri tapması yaxşı haldı. Ancaq... Söhbət Azərbaycanın ən imkanlı komandasından, dəyişməz çempionundan gedirsə, niyə onun üzvləri Qazaxıstana çörəkpulu dalınca getməlidi? “Araz” yetirmələrinə normal məvacib verə bilmir? Belədisə, Xətai və Ramizin “Araz”dan ayrılmaq istəyi normal qarşılanmalıdı...
MİRAĞA