2018/19 mövsümünə hazırlığı davam etdirən "Qəbələ"nin Sloveniya toplanışına start verdiyini ötən sayımızda xəbər vermişdik. Birhəftəlik Qəbələ toplanışının sonunda MOİK-lə heç-heçə edən (1:1) “qırmızı-qaralar” Sloveniyanın Moravske Toplitse bölgəsindəki "Hotel Ajda"da məskunlaşıb. Sənan Qurbanovun yetirmələri ötən gün bir məşqlə kifayətlənib. Günün ikinci yarısında baş tutan hazırlıq prosesinə fiziki təmrinlərlə başlayan şimallılar daha sonra toplu çalışmaları yerinə yetirib.
Sonda onu da bildirək ki, “Qəbələ”nin Avropa Liqasının birinci təsnifat mərhələsində “Proqres”ə qarşı keçirəcəyi oyunların yeri dəyişdirilib. Püşkə əsasən şimallılar iyulun 12-də baş tutacaq ilk qarşılaşmanı səfərdə keçirməli olsa da, bu görüşün Qəbələdə oynanılması haqda razılıq əldə olunub.
Xatırladaq ki, sözügedən qarşılaşma saat 20.00-da başlayacaq. Tərəflər arasında cavab oyunu isə iyulun 19-da Lüksemburqda keçiriləcək.
RƏŞAD