Debütant gələn ay Boluya yollanacaq
“Sabah” istirahətə son qoyub. Həftənin ilk günündən “Əlincə Arena”da məşqlərə start verilib. Baş məşqçi Elşad Əhmədov hələ ki istirahətdən yeni qayıdan futbolçuları yükləmək fikrində deyil. Ona görə də komanda gündə bir dəfə - axşam məşqinə çıxır. Əslində buna heç komanda demək də doğru çıxmaz. Çünki hələ heyətin formalaşdırılması üzərində iş gedir. Belə deyək, çalışdırıcı xeyli futbolçunu baxışdan keçirir. Növbəti mövsüm “Sabah”da oynayacağı dəqiqləşən oyunçularla isə hələ də münasibətlər rəsmiləşməyib.
Əvəzində premyer-liqanın debütantının elita üçün hazırlıq planına aydınlıq gəlib. Təlim-məşq toplanışı üç hissədən ibarət olacaq. Hazırkı mərhələ komandanın formalaşdırılmasına və fiziki hazırlığın yüksəldilməsinə hesablanıb. Bu mərhələ iyulun 2-dək davam edəcək. İkinci mərhələ iyulun 2-15-i aralığında baş tutacaq. Bu müddət ərzində də paytaxtda hazırlıq keçəcək Bakı klubu üç yoxlama oyununda qüvvəsini sınayacaq. “Sabah” iyulun 7-də “Səbail”, 11-də “Sumqayıt”, 14-də isə “Zirə” ilə münasibətləri aydınlaşdıracaq. Ancaq bu qarşılaşmaların harda reallaşacağı hələ açıqlanmayıb. Toplanışın sonuncu - üçüncü hissəsi isə iyulun 16-da başlayıb, 29-da yekunlaşacaq. Komanda bu müddət ərzində Türkiyənin Bolu şəhərində hazırlıq keçəcək. Toplanış çərçivəsində Elşad Əhmədovun komandasının 4 yoxlama oyunu keçirməsi nəzərdə tutulsa da, hələ rəqiblər və matç günləri bəlli deyil.
SƏRXAN