Sizin reklam burada

Şəhriyar blitsdə də ümidləri doğrultmadı

Title
Şəhriyar blitsdə də ümidləri doğrultmadı
Belçikanın Leven şəhərində keçirilən sürətli şahmat üzrə “Grand Chess Tour 2018” turnirinə yekun vurulub. Rapiddə inamsız çıxış edən Şəhriyar Məmmədyarov blitsdə də ümidləri doğrultmayıb. Həmyerlimiz iki dövrəli mübarizədə cəmi 6 qələbəyə sevinib. 8 oyunda uduzan yığmamızın liderinin 13 qarşılaşması heç-heçə başa çatıb. Reqlamentə əsasən şahmatın iki növündə yığılan xallar toplanıb və buna uyğun iştirakçıların yekun mövqeləri müəyyənləşib. Sumqayıtlı qrossmeyster 17 xalla 7-ci yeri tutub. Amerikalı Uesli So 22 xalla hamını qabaqlayıb. Rus Sergey Karyakinlə fransız Maksim Vaşye-Laqrav qalibdən 0,5 xal geri qalıb. Amerikalı Hikaru Nakamura 21 xalla 4-cü yeri tutub. Erməni Levon Aronyan 20,5 xal toplayaraq, ilk “5-liy”i qapayıb. Hesabına 17,5 xal yazan rus Aleksandr Qrişuk 6-cı pillədə qərarlaşıb. Sabiq dünya çempionu Vişvanatan Anand cəmi 14,5 xal yığıb. Hindistan təmsilçisi bu nəticəylə Şəhriyarın ən yaxın izləyicisi olub. Payızda norveçli Maqnus Karlsenlə şahmat tacı uğrunda mübarizə aparacaq italyan əsilli ABŞ şahmatçısı Fabiano Karuana 13,5 xalla 9-cu olubsa, cəmi 11 xal yığan hollandiyalı Aniş Giri sonuncu – 10-cu sırada yer alıb.
Dünən isə Fransanın paytaxtı Parisdə analoji yarış start götürüb. İlk yarış günündə rapid üzrə 3 tur baş tutub. Məmmədyarov ilk turda Anandla heç-heçə edib. Karyakin – Vaşye-Laqrav və Kramnik – Nakamura görüşlərində də qalib müəyyənləşməyib. Aronyan Qrişuku, So isə Karuananı məğlub edib. İkinci turda təmsilçimiz Sodan güclü olub. Anand Kramniki devirib. Qrişuk – Karyakin, Nakamura – Aronyan və Vaşye-Laqrav – Karuana duellərində “sülh” qeydə alınıb. Üçüncü turda Şəhriyar Vladimirə uduzub. So Vaşye-Laqravı, Qrişuk isə Karuananı məyus edib. Aronyan – Anand və Karyakin – Nakamura partiyaları heç-heçə yekunlaşıb.
Xal durumu: Aronyan, Anand, So – 4, Kramnik, Nakamura, Karyakin, Qrişuk, MƏMMƏDYAROV – 3, Vaşye-Laqrav – 2, Karuana – 1.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.