Sizin reklam burada

“Qaradağ Lökbatan”da qeyri-müəyyənlikdi

Baxış Sayı:748

“Qaradağ Lökbatan”da qeyri-müəyyənlikdi
Tahir Mustafayev: “Həbib Ağayevin məsələsi 10-15 günə bilinəcək”
Birinci divizionda son mövsümün ən böyük sürprizi “Qaradağ Lökbatan”ın qış fasiləsindən sonrakı qəfil enişi oldu. İş o yerə çatdı ki, mövsümün ilk yarısında 19 xal geridə olan “Xəzər” lökbatanlıları geridə qoyaraq, çempion tituluna qovuşdu. O başqa söhbətin mövzusudu ki, debütant da “bağının məhsulunu yeyə”, premyer-liqaya gələ bilmədi.
İndi “Qaradağ Lökbatan”ın problemi nədi” sualına cavab axtarmaq vağzalı tərk etmiş qatara əl yelləmək kimi bir şeydi. İndiki məqamda baş məşqçinin taleyi hər kəsi daha çox maraqlandırır. Nəticəyə cavabdeh olan Həbib Ağayev komandada qalacaqmı? Əslində çempionatın sonuna bir tur qalmış bu sualla “Qaradağ Lökbatan”ın prezidenti Tahir Mustafayevə müraciət etmişdik. Ancaq o, ünvanladığımız suala qısa şəkildə cavab verərək, bir qədər səbr etməyi məsləhət görmüşdü: “Futbolda belə hallar olur. Ancaq hər şey bitməyib. Fikrimcə, son turu gözləməliyik. İndidən nəsə danışmaq istəmirəm. Mövsüm bitəndən sonra ətraflı söhbət edə bilərik”.
Mövsüm bitib, ancaq deyəsən, lökbatanlılar hələ çempionluğun əldən verilməsinin şokundan ayılmayıblar. Belə ki, dünən Tahir bəylə yenidən əlaqə saxladıq və məlum oldu ki, hələ də gözləmə mövqeyindədilər: “Açığı, yeni nəsə yoxdu. Hələ rəhbərlik səviyyəsində görüş olmayıb və bu üzdən baş məşqçi məsələsini müzakirə etməmişik. Ümumiyyətlə, komanda ilə bağlı qeyri-müəyyənlikdi. Kimlər gedir, kimlər qalır, dəqiq deyil. Əvvəlcə baş məşqçinin məsələsini həll etməliyik ki, o da öz komandasını formalaşdırsın. Həbib Ağayevin məsələsi 10-15 günə bilinəcək. Bir sözlə, bu ay baş məşqçi ilə bağlı qeyri-müəyyənliyə aydınlıq gətirəcəyik”.
MİRAĞA

Oxşar xəbərlər
SON XƏBƏRLƏR